Yenə də Gəncə və Mingəçevir şəhərləri Ermənistan tərəfindən raket atəşinə tutulub. Təbii ki, bunun əmrini Ermənistan siyasi rəhbərliyi verə bilər. Bu, bir daha onların hərbi cinayətlərinin davam etməsinə dəlalət edir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, Gəncədəki terror aktı bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi son aqoniyasını yaşayır:
"Eyni zamanda son məğlubiyyətləri səbəbilə çalışırlar ki, müharibənin ərazisini genişləndirsin və bununla da dinc əhali arasında təşviş yaratsınlar. Gəncə Azərbaycanın 500 min əhalisi yaşayan böyük şəhəridir. Düşmən Qərbin qapısı olan Gəncədə mülki şəxslərin qətlə yetirilməsi istiqamətində addımlar atır. Terror aktları nəticəsində ölənlərin sayı nə qədər çox olarsa, düşmən tərəf o qədər çox sevinir. Bu, heç bir çərçivəyə sığmayan hərəkətdir”.
Arzu Nağıyev hesab edir ki, bu əmri verən Ermənistan hərbi-siyasi rəhbərliyinin üzvləri birmənalı şəkildə buna cavab verməlidir:
“Baş Prokurorluq bununla bağlı cinayət işi qaldırıb. Bütün dünya bunu bilməlidir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, eyni zamanda ATƏT-in Minsk Qrupu Moskvada əldə olunan razılaşmaya uyğun olaraq hər hansı monitorinq keçirmir, Ermənistana hərbi mexanizm təsirindən istifadə etmir. Ermənistana artıq "Dur!" deyilməlidir. Bunlar hərbi cinayətlərdir. Torpaqlarımızın getdikcə işğaldan azad olunması onları o qədər azğınlaşdırıb ki, bilmirlər, nə etsinlər. Hətta ordularına qocaları cəlb edirlər".