21 Oktyabr 2020 14:57
2 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Torpaqlarımızın işğaldan azad olunması ilə çox uğurlu işə imza atılır. Ordumuzun qalibiyyəti həm siyasi sahədə, həm də həyatımızda hiss olunur. Mənə elə gəlir ki, biz hər gün yeni sevinc xəbərlərini eşidəcəyik.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında cümhuriyyət dövrü tarixinin tədqiqatçısı, tarix elmləri namizədi Nəsiman Yaqublu deyib.

Onun sözlərinə görə, qələbə xəbərlərini eşidəndə, 1918-ci ildə Bakının qurtuluşu zamanı xalqın keçirdiyi hissləri xatırlayıb:

“Düşünürəm ki, o dövrdə paytaxtımız azad ediləndə də insanlar belə sevinc hissi yaşayıblar. 100 ildən artıq vaxt keçib, biz başlamışıq qalib xalqın əhvalını yaşamağa... Bu günə qədər məğlub xalq əhvalında idik. Məsələn, biz həmişə düşünürdük ki, görəsən Ağdamın, Laçının, Kəlbəcərin işğal günü nə zaman olacaq ki, gedək o insanları, o torpaqları yad edək. Amma bu gündən tarix dəyişdi, yeni tarixi dövrün əsası qoyuldu. Yəni, bu gündən başlayırıq Zəngilanın qələbə gününü qeyd etməyə.

Artıq tarixi dəyişdik, işğal günləri arxada qaldı. Bundan sonra qələbə günlərini qeyd edəcəyik. Bu da insanlarımızda böyük qalibiyyət ruhu yaradacaq”.

Nəsiman Yaqublunun fikrincə, ərazinin vətən olması üçün 2 vacib şərt var: “Birincisi torpaq, ikincisi insan. Gərək torpaq azad olunsun ki, orada insan yaşasın. Bu şərtlər olmursa, vətən - vətən olmur. Artıq Zəngilan bizə vətən oldu, sözdə, hissdə, duyğularımızda bizə “vətən” dedi.

Bayrağımız Zəngilanda dalğalananda mən çox qəribə duyğular keçirdim. Orada 3 dağ var, onu görəndə uşaqlıq illərini xatırladım. Mən ömrümün 18 ilini orada yaşamışam, o dağlara baxaraq böyümüşəm. Bu gün o dağları görəndə düşündüm ki, o, bizi gözləyir və biz oraya getməliyik. Biz Şuşaya da, Laçına da getməliyik, digər bölgələrimizi də azad etməliyik. Belə qalibiyyət ruhu insanların düşüncəsinə, xarakterinə, davranışlarına da təsir edir. Bu qələbə xəbərləri gələndən sonra Azərbaycan insanı tamamilə dəyişib.

Məsələn, 20 gün əvvələ qədərki Azərbaycan insanı ilə bu günkü vətəndaşı müqayisə edirəm, arada böyük fərq var. Qısa bir zamanda onun psixologiyası, davranışı dəyişib. Qalibiyyət, qalib ruha sahib olmaq çox vacib məqam idi”.

Mütəmadi olaraq erməni tarixi ilə maraqlanan Nəsiman Yaqublu deyib ki, tarixi rus ensiklopediyasında “Ermənilik xəstəliyi” adlanan bölmə yer alır: “Arxivdə işləyəndə sovet dövründə ermənilər haqqında nə yazıldığını araşdırdım. Qalın ensiklopediya tapdım. Adı Rus dilindən tərcümədə "Böyük tibb ensiklopediyası"dır. Kitabda "Armeyanstva" yazılıb, onu xəstəlik növü kimi həmin ensiklopediyaya salmışdılar.

Sonradan ermənilər bunun nəşrini qadağan etdirdilər. Amma o nəşr hazırda qalmaqdadır və bizim kitabxanalarda da tapmaq mümkündür. Mən Sankt-Peterburq kitabxanasında da o kitabı tapdım. "Xəstəliyin" elə ilk əlaməti bu toplumun ətrafdakı millətlərlə yaşamaq bacarığına malik olmamasıdır. Hər 100 ildən bir mütləq ətraflarında yaşayan toplumlarla münaqişələr yaradırlar. Bu psixoloji xəstəlikdir, müalicəsini tapa bilmirdik. Amma indi müalicəsini tapmışıq, torpaqlarımızı azad edirik”.

Nəsiman Yaqublu qeyd edib ki, tporpaqları azad etdikdən sonra gələcəkdə bu xalqla qonşuluqda yaşayacağıq və bu xalqa qarşı özümüzü hazırlamalıyıq: “Həm mübarizə baxımından, həm psixologiya baxımından, həm də insanlarımızın ehtiyatlı olması baxımından hazırlıqlı olmalıyıq. Dediyim kimi, hər 100 ildən bir bu xəstəlik o xalqda baş qaldıracaq və yenə də bizə problemlər yaradacaqlar.

Bu xalq bunu təkcə Azərbaycanda etməyib. Osmanlı dövründə Türkiyəyə də bu problemi yaratmışdılar, Vanda, Zonquldaqda üsyanlar edərək, oradan torpaq iddiasına düşmüşdülər. Türkiyə buna imkan vermədi və daşnaksütun partiyası öz proqramında dəyişiklik etdi. Yazdı ki, "Artıq Türkiyədə torpaq götürə bilmərik, Türkiyə buna imkan vermir, biz Qafqazdan torpaq götürüb, böyük Ermənistan ideyamızı reallaşdırırıq”.

Hazırda Gürcüstana da analoji problemi yaradırlar. Onlar harada yaşayırlar, həmin region üçün problemdirlər. Bu, o xalqın genində var.

Sovet məkanından qalan problemlərin həllinə başlanılır, dondurulmuş münaqişələr hərəkətə keçir. Çünki dondurulmuş münaqişələr 30 ildir qalır və digər ölkələrdə də var. İlk yolu biz açdıq. Azərbaycan xalqı sübut etdi ki, bu problemləri beynəlxalq təşkilatlarla həll etmək qeyri-mümkündür. Bu problemləri həll etməyin yolu hər bir xalqın gücündən, bacarığından keçir. Bizim Qarabağ münaqişəsini həll etməyimiz digər xalqların da öz torpaqlarını azad etməsi üçün bir cığır açır”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər