27 Oktyabr 2020 09:15
16 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, artıq 27 sentyabrda Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlamasından sonra üçüncü humanitar atəşkəs rejiminin qüvvəyə minməsidir. Birinci atəşkəs Rusiyanın, ikincisi Fransanın, bu sonuncu atəşkəs isə ABŞ-ın təşəbbüsü ilə olan humanitar addımdır. Dünya ölkələri və böyük dövlətlərin çağırışlarını Azərbaycan diqqətlə dinləyir və hər zaman atəşkəsə əmək etməklə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl edir. Təəssüflər olsun ki, Ermənistan tərəfi hər dəfə atəşkəsi vəhşicəsinə pozur, mülki əhalini hədəf alır.

Bu fikirləri Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.

O xatırladıb ki, 10 və 17 oktyabrda əldə edilən humanitar atəşkəsdən sonra terrorçu Ermənistan dövlət rəhbərlərinin birbaşa göstərişi ilə cəbhə xəttindən uzaq olan şəhər və yaşayış məntəqələrimizə uzaqmənzilli ballistik raket atılıb:

“Nəticədə 65 mülki insan həlak olub, 300-ə yaxın dinc sakin yaralanıb. Məhz atəşkəsin qüvvəyə minməsindən sonra Gəncə şəhəri bombalanıb”.

Oqtay Qasımov qeyd edib ki, növbəti atəşkəs təşəbbüsü ABŞ-dan gəlib. Onun sözlərinə görə, bir neçə gün əvvəl Azərbaycan xarici işlər naziri Vaşinqtonda səfərdə olub, dövlət katibi Pompeo və digər rəsmi şəxslərlə müzakirələr aparıb:

“Azərbaycan dövlət başçısının irəli sürdüyü konkret şərtlər var. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunan qətnamələrinin həyata keçirilməsini, erməni işğalçı ordusunun qeyri-şərtsiz Azərbaycan ərazilərindən çıxmasını tələb edir. Azərbaycan bu tələbi irəli sürür. Açıq bildirilir ki, Ermənistan işğalçı ordusunun Azərbaycan ərazilərindən çıxarılması üçün dəqiq qrafiki təqdim etməlidir, bundan sonra əməliyyatlar dayana bilər. İndi növbəti humanitar atəşkəs rejimidir. Amma atəşkəs rejimi qüvvəyə mindikdən bir neçə dəqiqə sonra Ermənistan tərəfi bu rejimi pozmağa başlayıb. Konkret olaraq Ermənistanın Qafan və Gorus rayonlarından Azərbaycan Ordusunun Laçın ərazisində yerləşən mövqeləri artilleriya atəşinə tutulub. Eləcə də Tərtər və Ağdama artilleriya zərbələri endirilir. Bu, o deməkdir ki, Ermənistanın faşist zehniyyətli rəhbərlərinin verdikləri bəyanat boş şeylərdir".

Politoloqun fikrincə, indi elə bir dövrdə yaşayırıq ki, burada haqlının deyil, güclünün haqqı tanınır:

“Bizim həm beynəlxalq hüquqa görə haqlarımız mövcuddur, həm də bu haqqımızı gücümüzlə almalıyıq. Bunu aldıqdan və düşməni qovub ərazilərimizdən çıxardıqdan sonra kimsə bizə söz deyə bilməz. Odur ki, bu məsələləri diplomatlar deyil, Azərbaycan Ordusu etməlidir. Ordunun atacağı addımlar həm savaşın, həm də masadakı danışıqların taleyini həll edəcək. Bu mənada düşünürəm ki, atəşkəs rejimini pozan düşmən ciddi şəkildə cəzalandırılmalıdır. Onun canlı qüvvəsinin və texnikasının məhvi prosesi davam etməlidir. Xüsusilə, Ermənistanla Qarabağı birləşdirən Laçın dəhlizi əhəmiyyətlidir. Bilirəm ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi Laçın dəhlizinin əhəmiyyətini ciddi dəyərləndirir. Biz bu dəhlizə nəzarəti ələ keçirdikdən sonra erməni terrorizmini Azərbaycan ərazilərində sona çatdırmaq mümkün olacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər