ATƏT-in Minsk Qrupu həmsədrlərinin 25 oktyabr tarixli bəyanatı humanitar atəşkəsdən daha çox işğalçı Ermənistanı xilas etməyə yönəlib.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildrib.
Onun sözlərinə görə, müzəffər Azərbaycan Ordusu hazırda işğal edilmiş torpaqlarımızı azad edir, qəhrəmanlıq göstərir, şəhidlər verir və bununla bir daha bütün dünyaya göstərir ki, bir qarış torpağımızı da işğal altında qoymayacaq:
“Bu, xalqımızın haqlı davasıdır. Beynəlxalq hüquqla təsbit edilmiş haqqıdır, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin icra olunması, haqq-ədalətin bərpasıdır. Ədalət olmasa, əsla sülh olmaz. Belə bir vaxtda Azərbaycana qarşı ən müxtəlif səviyyələrdə təzyiqlərin olması, beynəlxalaq təşkilatların, ayrı-ayrı dövlətlərin xüsusilə ATƏT-in Minsk Qrupunun dərhal atəşkəsə nail olmağa çalışması tərəf tutmaq deməkdir.
Minsk Qrupunun missiyası ATƏT-in ona verdiyi mandata uyğun olaraq tərəfsiz olmaqdan və problemi sülh yolu ilə həll etməkdən ibarətdir. Ancaq bu missiyanı 28 ildir yerinə yetirə bilməyən qurum indi nəinki problemin həllinə kömək etmir, tam əksinə, onun həll olunmamış qalması üçün yeni hüquqi baza yaratmağa çalışır.
Əks-təqdirdə ATƏT-in Minsk Qrupunun həmsədri olan üç ölkənin, eyni zamanda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü kimi bu qurumun 1993-cü ildə qəbul etdiyi qətnaməni heçə saymaq, onu yenisi ilə əvəz etmək cəhdlərini necə başa düşmək olar? Təhlükəsizlik Şurasının qəbul etmək istədiyi yeni qətnamədə işğalçı Ermənistanın Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələri yox etmək cəhdləri, bunun əvəzinə yeni qərar qəbul emək niyyəti birbaşa işğalçıya və işğala bəraət qazandırmaqdır.
Bu, həm də 30 ildə problemin nə üçün həll edilmədiyini izah edən ən yaxşı siyasi arqumentdir. Deməli, problemin həll olunmamış qalması həm də Minsk Qrupunun məqsədli fəaliyyətinin nəticəsidir, onlar bunu sadəcə olaraq həll etmək istəməyiblər. İndi isə atəşkəs əldə etmək istəyirlər”.
Hikmət Babaoğlu qeyd edib ki, sentyabrın 27-dən indiydək Azərbaycan və Ermənistan arasında 10 və 17 oktyabrda olmaqla iki dəfə humanitar atəşkəs barədə razılıq əldə edilib. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən, özü də dinc əhalini gecə saatlarında ballistik raketlərdən atəşə tutmaqla pozulub:
“İndi Minsk Qrupunun həmsədrləri bu barbarlığı, hərbi cinayəti, terroru görməyiblərmiş kimi yenə də atəşkəs istəyirlər, Azərbaycana təzyiq edirlər. Üstəlik 25 oktyabr bəyanatının mətninə humanitar atəşkəs yox, birbaşa atəşkəs ifadəsi salmağa çalışıblar. Biz acı təcrübəmizdən bilirik ki, belə atəşkəs işğalçı Ermənistanı gücləndirmək, döyüş meydanında ona üstünlük yaratmaqla Azərbaycana təzyiqi artırmaq cəhdləridir. Ona görə də xarici siyasət idarəmizin, diplomatiyamızın 25 oktyabr bəyanatına məhz humanitar atəşkəs ifadəsinin salınmasına nail olması olduqca vacib idi və belə də oldu.
Həmsədrlər təsiri də, təzyiqi də işğalçı Ermənistana, humanitar atəşkəsi hərbi hücum taktikasına çevirən işğalçıya etməlidirlər. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək, heç bir iradə bir xalqın milli iradəsindən üstün ola bilməz”.