Məlum bəyanatı Azərbaycan Prezidenti, Rusiya prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanaraq təsdiqlənib. Azərbaycan Prezidenti bu bəyanatı öz xarakteri etibarilə çox yüksək qiymətləndirib və tarixi sənəd adlandırıb. Bu da təsadüfi deyil. Çünki Ali Baş Komandan dəfələrlə müsahibələrində, çıxışlarında qeyd etmişdi ki, hərbi fazanı istənilən vaxt dayandıra bilərik. Amma bir şərt olmalıdır ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də işğal altında olan ərazilərimizi geri qaytarsın və özünün işğalçı hərbi qüvvələrini zəbt olunan ərazilərdən çıxarsın.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, ötən gecə imzalanan bəyanatda Azərbaycan Prezidentinin irəli sürdüyü bu şərt tam qəbul edildi:
"Ermənistan baş naziri öz imzası ilə təsdiq etdi ki, bütün işğalçı qüvvələri torpaqlarımızdan çıxarır. Artıq qrafik də bəllidir, noyabrın 15-nə qədər Kəlbəcər, 25-dək Ağdam, Dekabrın 1-dək isə Laçın qaytarılmalıdır. Dağlıq Qarabağın ətrafındakı bütün ərazilərimiz geri qayıdır. O ki qaldı Xankəndi, Xocalı və digər Dağlıq Qarabağla bağlı ərazilərə, bununla bağlı cənab prezident qeyd etdi ki, işğal olunan ərazilərdən bütün işğalçı qüvvələr çıxarılırsa, o ərazilərə artıq heç bir erməni əsgərinin ayağı dəyməyəcək.
Dağlıq Qarabağın heç bir statusu yoxdur. Artıq heç bir zaman bu məsələyə qayıdılmayacaq. Ən başlıcası, Naxçıvanla Azərbaycan əsas hissəsi arasında rabitə əlaqəsi yaradılır, dəhliz açılır, bunun tarixi əhəmiyyəti var. Hesab edirəm ki, digər vacib məsələ Türkiyənin münaqişənin tənzimlənməsi prosesində və sonrakı proseslərdə birbaşa iştirakının hüquqi baxımdan təsdiqlənməsidir".
Sərhədə Türkiyə və Rusiya sülhməramlılarının yerləşdirilməsindən danışan Elman Nəsirov bildirib ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupuna daxil olan 11 ölkə məşğul idi və onlardan üçü həmsədr dövlət idi:
"Lakin onlar 30 ildə bunu həll etmədilər və Türkiyə prosesdən kənarda idi. Türkiyə de-fakto olaraq proseslərdə fəallıq göstərsə də, ümumi olaraq onun iştirakına imkan vermirdilər. Ancaq indiki bəyanatda atəşkəsin qorunub saxlanılması və razılaşmaların həyata keçirilməsi ilə bağlı nəzarət mexanizmi yaradılır. Rus hərbçilərlə yanaşı, Türk hərbiçilər bu nəzarəti həyata keçirəcəklər. Artıq iki dövlət faktiki olaraq bu prosesdə əsas söz sahibinə çevrilir və nəzarət funksiyasını həyata keçirir.
Hesab edirəm ki, bu, Azərbaycanın böyük uduşudur. Ermənilər ən yüksək statusdan imtina edib, müstəqil dövlət iddiasına düşmüşdülər. Artıq bunlar tarixdə qaldı və iddiaların reallaşma əmsalı sıfıra bərabərdir. Torpaqlarımız dinc yolla bizə geri qayıdır. Bu, 20 gün ərzində baş verir, Azərbaycan Silahlı Qüvvələri isə ölkəmizin təhlükəsizliyi təminatını həyata keçirir.
Məcburi köçkün və qaçqınların öz yurd-yuvalarına qayıtması məsələsi BMT-nin ali komissarlığının nəzarəti ilə həyata keçiriləcək. Münaqişə başlanana qədər azərbaycanlılar hansı ərazilərdə yaşayırdılarsa, eynən yurd-yuvalarına qayıdacaqlar. Ən başlıcası isə işğalçı Ermənistan ordusunun ayağı oraya dəyməyəcək. 2 minə yaxın sülhməramlı orada olacaq, çox yüngül silahlarla silahlanacaqlar. Gələcəkdə oraya geri qayıdan Azərbaycan vətəndaşları və ermənilər arasında müəyyən mənada toqquşmaların qarşısını almaq, təhlükəsizliyi təmin etmək üçün orada yer alırlar. Ən əsası isə Türkiyə kənar müşahidəçi deyil, birbaşa olaraq prosesin içində olacaq".