15 Noyabr 2020 17:59
1 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcərdə ermənilərin evləri tərk etməzdən əvvəl yandırması əmlakın qəsdən məhv edilməsidir. Bu, həm Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə cinayət xarakterli əməllərdir, həm də buna humanitar hüquq normalarının pozulması prizmasından baxmaq lazımdır. Azərbaycan tərəfi əlbəttə ki, bununla bağlı müvafiq tədbirləri görə bilər. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 32-ci maddəsində dövlətlərarası mübahisələrdən bəhs edilir. Orada əgər konvensiya və konvensiyaya əlavə edilmiş protokolların pozuntuları olarsa, bu sazişi imzlayan tərəflərə digər dövlətlə bağlı iddia etmək hüququ təsbit olunub. Yəni Azərbaycan hökuməti bununla bağlı müraciət edə bilər. Çünki burada mülkiyyət hüququnun pozuntusu baş verib.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Açıq Hökumət Platformasının koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, azad olunmuş torpaqlarda həm də insanlıq əleyhinə cinayətlər baş verir:

"Mülki obyektlərin yandırılaraq məhv edilməsinə görə məsuliyyət yaranır. Azərbaycan tərəfi müvafiq sənədləşdirməni həyata keçirməlidir. Eyni zamanda Ermənistan tərəfinə məhz bu yerlərin məhv edilməsi ilə bağlı tələblərini irəli sürə bilər. Həmin şəxsləri insanlıq əleyhinə cinayətlərinə və müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etmək olar. Burada söhbət humanitar hüququn pozulması ilə bağlı müddəalardan gedir. Oxşar məsələlərlə bağlı həm vətəndaşlar, həm də dövlət olaraq Ermənistana qarşı iddia ilə çıxış edə bilərik".

O xatırladıb ki, Ermənistan tərəfindən mülki obyektlərin məhv edilməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilib: "Ümid edirəm ki, Avropa Məhkəməsi bununla bağlı prosesə başlayacaq. Həmçinin bu şəxslər aşkarlandıqdan sonra onların axtarışı ilə bağlı qarşı tərəfə bu barədə məlumat veriləcək. Onların bir çoxu Ermənistana köçsə də, əminəm ki, daha sonra digər ölkələrə köçəcəklər".

Əliməmməd Nuriyev bildirib ki, istisna deyil ki, Kəlbəcərdəki evləri yandıranlar arasında Fransa vətəndaşları da var: "Orada fransızlar çoxluq təşkil edir, buna görə də bu barədə Fransa üçün də iddia qaldırmaq lazımdır. Azərbaycan ərazilərinin, mülki obyektlərin atəşə tutulmasında Fransa tərəfi də iştirak edir. Azad edilən torpaqlarla bağlı məsələyə diqqəti cəlb edəndə bu amili heç vaxt unutmaq olmaz.

Hesab edirəm ki, sülhməramlı qoşunlar bunun qarşısını almalıdır. Onların borcu odur ki, həmin ərazilərin boşaldılması prosesi onların daxil olması ilə başlayır. Bütün qeyri-qanuni hərəkətlərin qarşısının alınması onların vəzifə borclarından biridir. Heç bir halda yol vermək olmaz ki, Azərbaycan ərazisində əmlak məhv edilsin. Ekologiyaya irimiqyaslı ziyanlar vurulmaqdadır. Ümid edirəm ki, Rusiyanın sülhməramlı qüvvələri belə hərəkətlərin qarşısını almaq üçün lazımi tədbirlər görəcək. Bütün bunlar sənədləşdirilməldir. Beynəlxalq təşkilatlar məlumatlandırılmalıdır".


Müəllif: Aysel Azad