20 Noyabr 2020 16:35
3 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan 27 il sonra Ağdama azadlıq günəşi doğdu. Erməni işğalçıları Ağdam rayonunu tərk etməli oldular. Bəs biz bu regionumuz haqqında nə bilirik?

Bu barədə Teleqraf.com-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin sözlərinə görə, "Ağdam" qədim türk dilində "Kiçik qala" mənasını verir:

"Bu sözün etimologiyası barədə müxtəlif versiyalar səslənir. Türk qəbilələri düşmənlərdən müdafiə olunmaq məqsədi ilə çox vaxt düzənlik yerlərdə kiçik qalalar inşa ediblər. "Ağdam” sözünün də qədim türk dilində mənası “kiçik qala” deməkdir. Sonradan “Ağdam” kəlməsinin “işıqlı, ağ bina” anlamı qazandığı da bildirilir. Bu adın yeni məna kəsb etməsinin əsl səbəbini XVIII əsrdə Pənahəli xanın özünə ağ daşdan ev tikdirməsi ilə əlaqələndirirlər. Həmin ev bir-biri ilə həmahəng olan tikililərdən ibarət bütöv bir kompleks - ağ imarət idi.

Digər bir versiyaya görə, Ağdam sözü Aquen (Aluen) yaşayış məskənin adının zamanla dəyişmiş formasıdır. Qarabağ tarixinin ən sanballı araşdırma­çılarından biri Rəşid Göyüşov hesab edir ki, bütün tarixi ədəbiyyatda Aluenin indiki Ağdam rayonu ərazisində olduğu göstərilir. Aluen Bərdənin yaxınlığında idi. Lakin Aluenin dəqiq yeri indiyə kimi heç kəsə məlum deyil.

Bərdə və Ağdam rayonları ərazisində aparılan axtarışlar nəticəsində məlum olub ki, bu ərazilərdə Govurqaladan başqa belə bir şəhəri xatırladacaq abidə yoxdur. Digər tərəfdən, Aluen məclisindən təxminən 150 il sonra, yəni VII əsrdə yaşamış erməni coğrafiyaşünası Şiraklı Anani Zaqafqa­ziyaya aid tərtib etdiyi atlasında Aluen şəhərinin indiki Xaçın çayının orta axarında, onun sol sahilində olduğunu göstərib, bu da haqqında danışdığımız şəhər xarabalığının yeri ilə uyğun gəlir.

Deyilənlərə bunu da əlavə etmək lazımdır ki, Govurqalanın yaxın­­­lığın­dakı bir ərazi indi də "Əlvənd" dərəsi adlanır, bu da çox güman Aluen sözünün qismən dəyişilmiş formasıdır".

Zaur Əliyevin sözlərinə görə, Aquen (Aluen) yaşayış məskəni X-XI əsrlərə qədər tarix səhnəsində mövcud olub və sonralar mənbələrdə nə şəhərin özü, nə də adı haqqında heç bir məlumat verilmir: "Bu da onunla bağlıdır ki, yuxarıda qeyd etdiyimiz kimi, artıq şəhər Xaçın çayı sahilində deyil, başqa bir ərazidə, Qarqar çayı yaxınlığında bina edilmişdi. Artıq şəhərin adı Aquen deyil, Ağdam adlanırdı.

Ən maraqlı cəhətlərdən biri də Aquen sözünün Ağdamla nə vaxt əvəz olunmasıdır. Qeyd etmək lazımdır ki, həm Aquen, həm də Ağdam toponomik adı türk mənşəli söz olub, coğrafi məkanla daha sıx bağlıdır. Aquen adının mənşəyi mənsub olduğu Alban dövlətinin adı ilə eyni kökdən qaynaqlanır. Aquen adındakı “aqu” sözü türk dillərində “equ”, “eyi” kimi işlənərək, “yaxşı”, “xoş”, “mülayim” mənasını daşıyır.

Addakı “en” morfımi isə Alban adındakı “ban”, “van” sözləri ilə sinonim olaraq mənası “məkan”, “yurd” kimi ifadə olunur. Onda bu deyilən sözlərdən belə nəticəyə gəlmək olar ki, Aquen adının mənası “yaxşı, xoş, mülayim məkan, yurd" deməkdi.

Ağdam sözünün digər bir mənası "Ağ insan" mənası verir. Bunu məhşur alim, rus şərqşünası, akademik Vasili Vladimiroviç Bartold təsdiq edir. Ağdam ərazisində rus alimlərinin apardığı araşdırmalardan sonra Bartold və bir neçə alimin gəldiyi yekdil qərara görə, Ağdam - Ağ Adəm, İlk insan mənasın verir və Ağdam ərazisi dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Barrtold yazır: "Dünya tarixində ilk dəfə ən qədim buğdanın Ağdamın Əfətli kəndində yerləşən Çalağan təpəsindən tapılması bizə bu qərara gəlməyimizə şərait yaratdı". 7 min il yaşı buğdanın bu ərazidə tapılması İlk insanın - Adəmin burda yaşamasının bariz nümunəsidir".

Müsahibimiz bildirir ki, başqa versiyaya görə, "Ağ" qədim Hun dilində "od, ocaq" və "günəş" mənasında işlənib: "Qədim Hunlar da bütün ibtidai insanlar kimi təbiətin misilsiz qüvvəsi olan günəşə və onun yerdə təcəssümü olan oda, ocağa sitayiş etmişlər. Təsadüfi deyil ki, bu gün dilimizdə işlənən ifadələrdən "Ağa" sözü böyüklük bildirir. "Ağ günə çıxmaq" xoşbəxtlik ifadəsidir. "Dan yeri ağarır" ifadəsi daha qədimə gedib çıxır. "Dan" sözü əslində "tan" sözü olub, türk tanrıçılığının özəyi olan Tanrı - Od, Günəş allahını bildirir.

Ehtimal var ki, türkköklü xalqların "Qor"dan əvvəl "Ağ (od)" tanrıya inamları olub. Hətta bu gün rus dilində işlənən "oqonğ", "oqonek" sözləri də başlanğıcını "ağ" sözündən alıb. Hindlilər də "od allahı"na "Aqni" deyirlər. Göründüyü kimi, "ağ" sözünün ifadə etdiyi müqəddəslik, ali məna Ağdamın ta qədimdən xüsusi bir məkan olduğuna işarədir.

Ağdam sözünün ikinci hecası olan "dam" sözü qədim insanımızın yaşayış evlərini ifadə edən kəlmədən gəlir və əski Hun sözüdür. Bu söz hun dilindən ruscaya "dom" şəklində keçib".

Zaur Əliyev qeyd edir ki, bu gün düşmən haylar Ağdamın adın dəyişib Akna qoyublar, araşdırmalarıma münasibət bildirən tarixçilər deyirlər ki, "Akna" kəlməsini ermənilər bir çox etnonim və toponimlər kimi, özəlləşdirməyə çalışırlar:

"Avrasiya Tarix və Etnoqrafiya Tədqiqatları Assosiasiyasının eksperti Sultanbek Aroşoltov yazışmamızda bildirdi ki, "Akna" sözünün ermənilərnə heç bir aidiyyəti yoxdur: "Akna bir çox xalqlarda ilahə, tanrı adıdır. Məsələn, eskimos mifologiasında Akna kəlməsinin mənası "ana"dır. Eskimoslar üçün “Akna” analıq və bərəkətin qadın ruhudur.

Qədim Şumerin tanrılar panteonunda Kanna baş tanrı Mardukun arvadlarından biri, bərəkət və bolluq ilahəsi idi. Mayya mifologiyasında Akna analıq və doğuş tanrısı idisə, qədim Lidiyada Akna insanlara ruzi və bəxtəvərlik bəxş edən tanrı idi. Ermənilərin Akna kəlməsini özəlləşdirmələri tarix baxımından bəsit davranış, yolverilməz oğurluq sayıla bilər.

İlk dəfə Ağdam bir ərazi kimi öz adını ərəb tarixçilərinin 1357-ci ildə yazdıqları “Səyahtnəmə” kitabında çəkilib və ərəb səyyahları bu ərazidən keçən zaman 1147-ci ilə aid qəbrstanlıqda araşdırma aparandan sonra Ağdamın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğun yazırlar. Orta əsr mənbələri, xüsusilə də ərəb çoğrafiyaşünas və səyyahlarının qeydləri sayəsində Azərbaycanın bir çox orta əsr şəhərlərinin adları dövrümüzədək gəlib çatıb.

Həmin mənbələrdən məlum olur ki, o zaman səyyahlar həm də ticarətlə məşğul olurdular. Buna görə də onların coğrafi qeydləri tacirlər üçün nəzərdə tutulurdu. Odur ki, həmin yazılı mənbələrdə üstünlük daha çox ticarət yollarına və onların keçdiyi şəhərlərə verilir, yaşayış məntəqələri arasındakı məsafələr göstərilirdi".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər