21 İyul 20:34
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində "Böyük Qayıdış: Qarabağ" sənədli filmi nümayiş etdirilib.

Teleqraf.com xəbər verir ki, filmdə Qarabağa qayıdışı və bu bölgədə həyatın yenidən canlanması, ümumilikdə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri təsvir edilir.

Filmin müəllifi, "TRT World"un jurnalisti Oubai Şahbandar bildirib ki, bu filmdə əsas məqsəd yalnız münaqişənin tarixi və siyasi tərəflərini deyil, insanların ədalətli mübarizələrini və fərdi hekayələrini vurğulamaq, onların ən çətin şəraitdə belə ümid və nikbinliklə yaşamağa davam etdiklərini nümayiş etdirmək idi.

Həmmüəllif Adnan Hüseyn sənədli filmində Azərbaycan vətəndaşlarının gücünü və mübariz ruhunu göstərməyə çalışdıqlarını qeyd edib. O həmçinin vurğulayıb ki, 30 illik işğala 44 günlük Vətən müharibəsi ilə son qoyan Azərbaycan bu gün Qarabağ bölgəsində inamlı "Böyük Qayıdış" Proqramına start verib. Doğma yurdlarından vaxtilə didərgin düşən məcburi köçkünlər evlərinə geri dönür, kənd və şəhərlər müasir üslubda bərpa edilir, Qarabağda əsl yenilənmə prosesi gedir.

Qeyd edək ki, ekran əsərində Azərbaycanın ən qədim tarixi bölgələrindən olan Qarabağın işğalı zamanı aparılan məqsədyönlü dağıdılma, mədəni irsin məhvi nəticəsində yerlə-yeksan edilən şəhərlərin indi - 30 illik işğaldan sonra canlanma prosesi, hazırda dirçəlməkdə olan Ağdam, Şuşa, Laçın, Füzuli, Zəngilana geri dönən yerli sakinlərin təəssüratları, rəsmi şəxslərin, ekofəalların görülən işlər barədə fikirləri əksini tapıb.

Filmin yekununda isə Qarabağa geri dönən insanların gələcəyə böyük ümidlə baxdığı, həyatlarını doğma torpaqlarında şövqlə davam etdirdikləri təsvir olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər