25 Noyabr 2020 16:19
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Torpaqlarımzıdan düşmən çıxır, qəlbimizdən isə qəm, kədər, nisgil silinir. Daha bir rayonumuz - Kəlbəcər işğaldan azad olundu. Ordumuz 25 noyabr gününü tarixə şanlı hərflərə yazdı. 44 günlük müharibədən sonra vətən övladları qələbə ruhuyla böyüyəcək.

Teleqraf.com-un əməkdaşları Kəlbəcərin azad olunması münasibətilə Mərdəkanda kəlbəcərli məcburi köçkünlərdən Müseyibovlar ailəsinin qonağı olub.

Məcburi köçkünlərin hansı əziyyətlərdən keçdiyini bilmək üçün buranı görmək kifayət edir. Kiçik evdə ailə başçısı, ibtidai sinif müəllimi olan Eldar müəllim, həyat yoldaşı, qızı və nəvəsi yaşayır.

Bu xoş gün münasibətilə təəssüratlarını bölüşən ailə hələ də baş verənlərə inanmadıqlarını, özlərini yuxuda hiss etdiklərini deyirlər.

Müseyibovlar ailəsi 1993-cü il mart ayının sonlarında evlərindən didərgin düşüblər. Torpaqları işğal olunduqdan sonra Bakıda məskunlaşıblar. Deyirlər ki, bu illər ərzində evləri tez-tez yuxularına girirmiş, ümid edirlərmiş ki, geri qayıdanda evlərini dağıdılmamış tapacaqlar.

79 yaşlı Eldar Müseyibovun sözlərinə görə, son illər Kəlbəcər daha yuxusuna da gec-gec gəlirmiş. Artıq ümidinin üzüdlüyü məqmada torpaqlarımızın alınması xəbərləri gəlməyə başlayıb: “Kəlbəcər işğal olunanda mən böyük qızımın evində, Bakıda idim. Qızımın baldızı həkim idi, gəlib dedi ki, Kəlbəcər də işğal oluna bilər. Bunu eşidən kimi Kəlbəcərə getmək qərarına gəldim. Getdik Gəncəyə, oradan da taksi ilə Murovdan aşdıq.

Baxdıq ki, Martakert yolu bağlıdır. Kəlbəcərə çatdıq. Mən məktəbdə direktorun müavini idim. Direktor dedi ki, gedək maaşlarımızı alaq. Dayananda gördük ki, aşağıdan maşınlar gəldi, yaralılar var. Haradan gəldiklərini soruşanda dedilər ki, ermənilər gəlir. Xalam oğlu avtobusu sürürdü. Murovda qar o qədər qalaqlanmışdı ki, sanki tunellə gedirsən. Oğlum da o vaxt Bakıda yaşayırdı. Kiçik qızım, həyat yoldaşım və mən oradan çıxdıq.

Evimizin qapıları qoz ağacından idi, açarlamadım. İstəmədim ki, evim dağıdılsın. Açıq qoydum ki, nə götürürlər götürsünlər. Bircə zirzəmini bağladıq”.

Kəlbəcəri tərk etdikdən sonra xeyli çətinliklə üzləşən ailə bir müddət Gəncədə, Xızıda, Şamaxıda məskunlaşdıqdan sonra Bakıya köçüb. Xatirələrindən danışan Eldar Müseyibov deyir ki, Gəncədəki dostları ona iş, ev təklif etsələr də, razılaşmayıb: “2 həftəyə yaxın Gəncədə qaldıq. Sonra Abşeron icra başçısı gəldi, onunla Bakıya köçdük. Həm Xızıda, həm də Şamaxıda işlədim.

Sonra qardaşım Mərdəkanda məktəb açdı və beləcə qaçqınlıq dövrü başladı. Mən bir az sərt müəllim olsam da, çalışmışam ki, şagirdlərim mənə hörmət qoysun. İndi qızım elədir, həssasdır uşaqlara qarşı. Allah eləsin Kəlbəcərə sağ-salamat gedib çıxım”.

Ailənin kiçik qızı Mərziyyə Müseyibova 11 yaşında olarkən Kəlbəcərdən çıxıb. Deyir ki, uşaq yaşlarından oradan çıxsa da, hər qarışını xatırlayır: “Bircə canımızı götürüb gəldik. Biz gələndə Mərdəkanda Şuşa məktəbində oxudum. Sonra getdik Xızıya, orada oxudum. Çox əziyyət çəkdik. 3 qonşu ilə burada yaşayırdıq. Uşaqlığımız normal keçsə də, vətənsizlik, daimi köçkünlük təsir edirdi. Kəlbəcərdə olan dostlarım, sinif yoldaşlarımla bu gün də əlaqə saxlayıram.

Təkcə bir şey yadımdadır ki, evimizdən çıxanda masada süfrə var idi, onu götürüb gəldim. Təsəvvürümdə belə idi ki, biz meşəyə qaçırıq, gedib orada süfrə açacağıq. Elə o süfrə ilə gəldik Bakıya. Kəlbəcərdən bizə təkcə bu süfrə qaldı”.

Tamara Müseyibova deyir ki, Kəlbəcərdən çıxanda 43 yaşı varmış. Amma geri qayıdacaqları ümidi ilə müvəqqəti olaraq o torpaqlardan çıxıb: “Mən Kəlbəcərin qayıdacağını eşidəndə, elə bildim, hələ də yuxudayam. İllərdir vətənin həsrəti ilə yaşayırıq. Yoldaşım xəstədir, həkimə getmirdi. Dedim yox, Kəlbəcərə gedəcəyik, sağalmalısan. Orada yaşamalısan. Heç ağlımdan çıxmır, daima yuxumdadır. Yuxuda görürdüm ki, evimiz qalıb, içində yaşayış var. Evimə gedirəm, amma necə gedim ki, məni düşmən bilməsinlər. Deyirəm ki, bal satmağa gəlmişəm... Daim Kəlbəcəri xatırlayıram. Anam 104 yaşında o torpaqların həsrəti ilə Bakıda rəhmətə getdi”.

Ailənin kiçik üzvü, 14 yaşlı Əli Kəlbəcəri görməsə də, o da o torpaqlara qayıtmaq istədiyini deyir: “Kəlbəcəri şəkillərdə görmüşəm. Mən həmişəlik orada qalacam. Prezidentə müraciət edəcəm ki, orada universitet açsın, orada ali təhsil alacam.Uşaqlarla Kəlbəcərdə İstisuya da gedəcəyik”.

Qarabağda ermənilərlə birgə yaşayışdan söz açdığımız zaman Eldar Müseyibov dedi ki, bunu istəməsək də, vəziyyətlə də barışmaq lazımdır: “Kəlbəcərdə erməni olmayıb. Biz Mardakertdən (Ağdərə-red.) keçirdik. Onlar ermənilərin Dağlıq Qarabağa köçməsinin 150 illiyinə heykəl qoymuşdular. Ermənilər oraları öz ana vətənləri olduğunu desələr də, bu, yalandır. Çox hiyləgər və etibarsız millətdir. Bizə qarşı o qədər cinayətlər törədiblər ki, adam barışmaq istəmir. Amma vəziyyət elədir ki, ermənini müdafiə edən çoxdur. Sağ olsun prezidentimiz, xalqımızın birliyi, ordumuz Qarabağı aldı”.

Mərziyyə Müseyibova deyir ki, Kəlbəcərə köçüb, müəllimlik fəaliyyətini orada davam etdirəcək: “Heç vaxt ümidsiz olmamışam, bir gün torpaqlarımızın geri qaytarılacağına inanmışam. Bizim uşaqlığımızdan heyif, yarımçıq oldu. Atamın əlinə ev almaq üçün çox şans düşdü, amma hər dəfə dedi ki, vətənimə qayıdacam.

Şuşa alınanda çoxlu ağladım, anidən oldu hər şey. Bir neçə gün özümə gələ bilmədim. Qələbə xəbərindən 2 gün əvvəl yuxuda gördüm ki, Kəlbəcərdəyəm. Bir dayı mənə deyir ki, bütün dünyamız abadlaşıb. İki gün sonra yuxum çin oldu”.

Söhbət zamanı Kəlbəcərdən danışan Eldar müəllim deyir ki, doğma yurd onun üçün əvəzsiz yerdir: “Hər şeyi yaxşı xatırlayıram. 28 il Kəlbəcərdə müəllim işləmişdim. Bununla yanaşı həm ovçu idim, həm də ata sənətim olan arıçılıqla məşğul olurdum. Murova balıq ovuna gedirdik. Kəlbəcər məktəbində baş müəllim, qabaqcıl maarif xadimi, qurultay nümayəndəsi olmuşam.

Artıq qocalmışam. Kəlbəcərə qayıtdıqdan sonra arı saxlamağı planlaşdırıram. Xeyli arım qaldı orada. Tərtər çayı bizim Nadirxanlı kəndinin içindən keçir. O iqlim dünyanın heç yerində yoxdur.

Bir dəfə özüm-özümə fikirləşdim ki, mən niyə Bakıda ev almıram? Həmin vaxt səbir gəldi... Elə o tək səbir ağlımda qaldı ki, burada nəsə bir şey var. Elə bil, ayıldım, gözləməyə başladım... İndi Allaha şükür eləyib sevinməkdən savayı əlimdən bir şey gəlmir...”

Foto: Pərviz Həşimi


Müəllif: Aysel Azad

Oxşar xəbərlər