1 Dekabr 2020 15:14
2 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıldakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndir.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib.

Alimin sözlərinə görə, Laçın Qarabağla mənfur qonşularımız arasında mərdlik qalasıdı: “Laçın rayonunun inzibati sərhədlərini Dəlidağ, İşıqlı, Qırxqız dağ silsilələri cızır. Tarix boyu torpağımıza göz dikənlər buranı "Qarabağın qara qapısı" adlandınrdılar.

Laçın əvvəllər “Abdallar” adlanıb. Qeyd edim ki, xalqımızın etnogenezisində iştirak etmiş tayfalardan biri də abdallar olub. Qədim türk soylarından olan abdalların Ön Asiya və Qafqazda məskunlaşması barədə mənbələrdə xeyli məlumatlar mövcuddur. Laçın Kiçik Qafqazın sərt dağlıq, meşəlik, ticarət yollarının kəsişmədiyi bir məkanda olmaqla, 3900 metr hündürlükdə qışı şaxtalı, yayı sərin olan yaylaqlarla zəngindir, sıldırım qayaları keçilməzdir.

Bu yerlərə yaylaq yolları ilə Cənubi Zəngəzurun, Qaradağın, Aran Qarabağın elatları gedib-gəlmişlər. Maşın icad olub geniş yayılanacan buraya heç qazalaq yolu da yox idi. Yerli insanlar elat nəzərə alınmazsa ancaq burada yaşayıb çoxalıblar. Buranın insanları dağətəyi mülayim iqlimli yerlərdə daimi məskən salmış, yaydan-yaya əhalinin əsasən kişiləri kəndlərindən yuxarıda yerləşən yaylaqlara heyvanatı sürmüş, bəzəndə orada qoyub öz kəndinə əkin-biçinə qayıdırmışlar. Çörəyi-xörəyi kənddə hazırlayıb aparırlarmış. Arandan gələn elat isə tam hazırlıqlı gələrmiş.

Bu mənada Laçın bölgəsində “özünə qapanma” sayəsində burada bir çox qədim türk adət-ənənələri, danışıq dilində qədim türklərin işlətdiyi sözlər, insanların qarşılıqlı münasibətində qədimlik hökm sürürdü”.

Zaur Əliyev bildirib ki, Laçın tarix, mədəniyyət və arxeologiya abidələri ilə zəngin bir ərazidir: “Rayonun Mirik kəndindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hocaz kəndindəki mağara-məbəd hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıldakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndir. Güləbird kəndindəki “Qız qəbri” kurqanı və bu ərazidə olan digər adsız kurqanlar, Mirik kəndinin “Təpələr” ərazisindəki kurqanlar, eləcə də Ziyrik kəndi ərazisindəki Rizvan meşələrində və digər yerlərdəki bu tipli kurqanların mövcudluğu və çoxluğu əsas verir ki, bu bölgədə yaşayışın neolit və tunc dövrlərindən başlandığı haqqında fikir söylənilsin.

Rayon ərazisində antik dövr daş abidələrindən sayılan qaya, daş üzərində insan, heyvan, quş və digər həndəsi təsvirlərə də rast gəlmək olur. Bu təsvirlər əsasən rayonun Qaragöl yaylağından, Pəri çınqılı adlanan ərazidən, Kəlbəcər rayonunun əraziləri istiqamətində uzanan silsilə çınqıl daşları üzərlərində oyulub. Bu təsvirlərin yaşı, bəlkə də Qobustan qayaları üzərindəki təsvirlərin yaşı qədərdir”.

Müsahibimizin sözlərinə görə, “Laçın” toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapıb və ona qədər isə bu ad “Yuxarı Laçın” adlı kəndin adında özünü qoruyub saxlayıb:

“Qismən qədim xəritələr üzərində araşdırmalar göstərir ki, Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasının əsas zirvəsi ilə yanaşı Laçın adlı bir zirvə də diqqəti cəlb edir. Bu zirvə Yuxarı Qarabağ bölgəsində Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir. Araşdırmalar göstərir ki, “Laçın” adına coğrafi, tarixi və ədəbi mənbələrdə rast gəlinir. Mənbələrə baxarkən “Laçın” toponimi bir oronim, yəni dağ adı kimi rastımıza çıxır. Lakin bu toponim həm də özünə bir oykonim şəklində bir növ vətəndaşlıq hüququ qazanıb. Bunu Laçın adlı kəndlərin adında görə bilərik: Şuşada Laçınlar, Kəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya qalası və sairə buna misal ola bilər.

Laçında, o cümlədən Zəngəzurda və ümumilikdə Kiçik Qafqazın bəzi dağ, daş, xüsusən yonquya gedən sal daşlarda da bu nişanələrə rast gəlmək mümkündür. Qeyd etdiyimiz kimi bu adın sorağı ilə ədəbi materiallara müraciət etdik də “Laçın” adı ilə qarşılaşdıq. Hal-hazırda, eləcə də yaxın keçmişdə bu adı axtarmaq çox asandır. Laçın adı daşıyan şəxslər hal-hazırkı dövrdə də var.

Ancaq bu adın sorağı ilə uzaq keçmişə müraciət etdikdə məşhur hind şairi Əmir Xosrov Dəhləvinin həyatından bəhs edən mənbələrdə onun atasının soyadında “Laçın” olduğu diqqəti cəlb edir. Onun adı belədir: Əmir Mahmud Şəms Laçın. Tarixi mənbələrdən aydın olur ki, onun ata-babası Hindistana Orta Asiyanın işğalı ilə əlaqədar gəlmişlər. O zaman “Laçın” türk tayfası Türkmənistanın cənubunda Kopetdağında məskunlaşmışdılar. Hindistanda yaşayıb-yaratmış, dövrünün ən böyük şairi Əmir Xosrov Dəhləvinin adında tayfasının adı göstərilib”.

Zaur Əliyev qeyd edib ki, “Laçın” türk tayfası XIII əsrin əvvəllərində Türkmənistanın cənubundakı ərazilərdə yaşayıb: “Monqolların hücumu zamanı Laçın tayfalarının bir hissəsi Azərbaycana pənah gətiriblər. Onlar Qarabağın yuxarı bölgəsində Xaçın məlikliyində, Xəlfəlidə, eləcə də Qarqarçay, Həkəriçay hövzələri yaxınlığında məskən salıblar. “Laçın” türk tayfasının bir hissəsi isə Hindistanda sığınacaq tapıb. Bəzi tədqiqatçılar “Laçın” sözünü “yalçın” (sıldırım) türk deyimi ilə də izah edirlər. Laçın adlı, cəsurluq rəmzi hesab edilən quş da olmuşdur. Laçın şəhəri dağ qartalına bənzəyir. Qol-qanad açıb bir qanadı Qanlıkaha kəndinə, bir qanadı Həkəri çayına qədər uzanmışdı. 1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmadı.

Beləliklə, Laçın və Abdallar kəndləri arasındakı ərazidə rayon mərkəzinin yaradılması qərara alnır. Rayonun adını seçərkən yerli relyefi və əhalinin xarakterini nəzərə alan yazıçı Tağı Şahbazi Simurqun təşəbbüsü ilə rayon 1926-cı ildə Laçın adlandırılıb. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib”.

Zaur Əliyev əlavə edib ki, Laçın 18 May 1992-ci ildə ermənilər tərəfindən işğal olduqda 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub: “Laçın torpaqlarını işğal etdikdən sonra ermənilər bu ərazilərdə toponimlərin, inzibati yaşayış məntəqələrinin adlarının dəyişdirilməsinə başladılar. Onlar Mərkəzi Laçın şəhəri olmaqla, Laçın, Qubadlı və qismən də Gorus rayonlarının əraziləri daxilində Kaşatax adlı bir vilayətin yaradıldığını elan etdilər. Azərbaycanın İşğal Olunmmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkliatı İctimai Birliyinin sədri Faiq İsmayılov yazır: “Kaşatax” sözü erməni dilinə türk dilindən keçib. “Kaşatax” sözünün deyilişi bir az erməni ləhcəsinə uyğunlaşdırılsa da əslində türk toponimindən alınan sözdür. Onun mənası “Kıştax (qışlax)”, “Yuxarı qışlax”, “Baş qışlax”, ”Qarıqışlax” mənasını verir.

Bununla da ermənilər bu ərazini regionun qışlaq yeri kimi xarakterizə etməyə çalışırlar. Lakin ermənilər tərəfindən bölgəyə bu adın verilməsi nə tarixi, nə də coğrafi baxımdan ərazinin relyefi ilə uyğunluq təşkil etmir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər