“Türkiyə pilotsuz uçan aparatları (PUA) ilə dünyanı ələ keçirir”.
Teleqraf.com xəbər verir ki, bu barədə İspaniyanın “El Periodico” qəzetində dərc olunan məqalədə bildirilib.
Məqalədə Türkiyə istehsalı dronların Liviya, Suriya və Azərbaycandakı (Qarabağ) savaşlarda uğurlarına diqqət çəkilib.
İspan nəşri yazır:
“Türk qüvvələri Əsəd rejiminin hücumlarını bir neçə gün ərzində tamamilə dayandırdı. Çox sayda tank və topdan əlavə, onlarla Rusiya zenit sistemi məhv edildi.
Türkiyənin müvəffəqiyyətinin bir sirri var idi – müharibənin açarı olduğunu sübut edən bir silah: qabaqcıl pilotsuz təyyarələr. Türkiyənin pilotsuz təyyarələri müharibənin gedişatını dəyişdirdi.
Suriyada olduğu kimi, Liviyada da türklərin PUA istifadə etməsi hər şeyi fərqli istiqamətə yönəltdi. Haftar qüvvələri hələ də davam edən atəşkəsi anlaşmasını imzalamaq məcburiyyətində qaldı”.
Məqalədə vurğulanıb ki, “Bayraktar” dronları Türkiyənin hərbi gücünü sürətli və ucuz şəkildə dizayn etmək üçün əhəmiyyətli vasitədir.
İspan nəşri qeyd edib ki, türk PUA-larının tarazlığı dəyişdiyi başqa bir yer də Qarabağ qarşıdurması olub:
“Azərbaycan tərəfinin türk PUA-larına inamı o qədər böyük idi ki, bir çox əsgər müharibədəki vəzifələrinin az qala sadəcə pilotsuz təyyarələrin hücumunu gözləmək olduğunu düşünürdü”.
Qəzet ölkəsinin sərhədlərinə Rusiya qoşunlarının yerləşdirilməsi ilə üzləşən Ukrayna Prezidenti Vladimir Zelenskinin İstanbulda türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşünə də diqqət çəkib:
“Məqsəd türk PUA-sı almaqdan başqa bir şey deyildi. “Bayraktar” Ukrayna ordusuna Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin hücumunu zəiflədə biləcək taktiki müdafiə vasitəsi ola bilər”.