Bu gün Azərbaycanla Türkiyənin münasibətləri ən yüksək zirvədədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri bu reallığı bir daha təsdiqləyir.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, səfər zamanı Şuşada tarixi anlar yaşandı:
“Qədim şəhərimiz olan Şuşada iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən Müttəfiqlik haqqında Bəyannamə imzalandı. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Müttəfiqlik haqqında imzalanmış Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir:
“Sənəddə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunur. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və s. məqamlar əksini tapır. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Eyni zamanda hərbi əməkdaşlıq amilinə də xüsusi yer verilib. Bu, tarixi nailiyyətdir. İki qardaş ölkə bundan sonra da hər zaman bir yerdə olacaq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdə olub, bundan sonra da bu, belə olacaq.
Sevinc Fətəliyeva hesab edir ki, Bəyannamədə geosiyasi əhəmiyyətə malik olan birgə nəqliyyat layihələri, Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb:
“Bu da İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə bütün ölkələrin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.