3 Avqust 2021 09:05
2 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada yaşayan həmyerlimiz Billurə Bayramova Bernard Şuşa səfəri ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- 30 ildən sonra Qarabağ həsrətimiz bitdi. Şuşaya səfər etdiniz, təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi?

- Düzü, bu səfər mənim üçün çox gözlənilməz oldu. Azərbaycana bu il fərqli emosiya ilə getmişdim. Çalışırdım azad olunmuş torpaqlarımıza səfər edim. Amma necə və hansı bir yolla, onu tapa bilmirdim. Lahıca getdim, çünki mən özüm Lahıcdanam. Şuşaya səfərimizlə bağlı gözlənilməz zəng aldım. Buna görə Dövlət Diaspor Komitəsinə təşəkkürümü bildirirəm. Belə bir qısa zamanda o səfəri xaricdə yaşayan azərbaycanlılar üçün təşkil etmək elə də asan bir şey deyil.

Bir az da naxışımız gətirdi, Şuşaya getdik. Qayıtdıqdan sonra həyat yoldaşım da məndən Şuşa təəssüratlarımı soruşdu. Təəssüratlarım inanılmaz dərəcədə, dilə gətirə bilməyəcək qədər möhtəşəmdir. Şuşa gözəl və ağrılı idi. Biri var eşidirsən, mediadan oxuyursan, biri də var, baş verən faciəni öz gözünlə görürsən. Dağıdılan abidələr, dəymiş ziyan... Hər şey məhv edilmişdi. Şuşamız isə buna baxmayaraq, yenə də gözəl görünürdü.

- Qarabağ döyüşləri başlayanda Nigeriyada idiniz. Maraqlıdır, müharibə xəbərini necə qarşıladınız, o həyəcan qürbət eldə necə yaşanır?

- Bəli, döyüşlər zamanı Nigeriyada idim. Bir neçə ay öncə Tovuz hadisələri, ardınca 44 günlük müharibə... Mən də hər kəs kimi həyəcanla, hər gün, hər dəqiqə, hər saniyə Azərbaycandan xəbərləri izləyirdim, gözləyirdim. Təbii ki, pandemiya, vətəndən uzaqda olmağımız həyəcanı daha da artırırdı.

Nigeriyada azərbaycanlılar demək olar ki, yoxdur. Ona görə də bu anları yaşamaq daha çətin idi. Hər kəs kimi mən də çalışdım ki, müəyyən yollarla dövlətimiz, millətimiz üçün yararlı bir vətəndaş olum. Azərbaycana getməyə çalışırdım, amma mümkün deyildi, yollar bağlı idi.

Əgər o ərəfədə ölkədə olsaydım, bəlkə də həyəcanı daha az yaşayardım. Bəzən Azərbaycandan uzaqda - xaricdə yaşayan həmyerlilərimizə asan şəkildə çoxlu iradlar tuturlar. Halbuki elə deyil, çünki orada bizim ermənilərlə hər gün üz-üzə gəldiyimiz anlar olur. Övladlarımız eyni məktəbdə, eyni sinifdə təhsil alırlar. Müəllimləri erməni əsilli digər ölkə vətəndaşlarıdır...

- Bilirik ki, ermənilər xaricdə çox güclü təbliğat aparırdı. Bu baxımdan Nigeriyada vəziyyət necə idi?

- Digər ölkələrdən fərqli olaraq Nigeriyada azərbaycanlılar çox deyil deyə bizə qarşı hücumlar da yox idi. Təbii, Nigeriyada da ermənilər yaşayır. Onlar Livandan və digər ölkələrdən köçüblər. Ölkənin aparıcı şirkətləri, biznesləri, mediası ermənilərin əlindədir. Buna baxmayaraq, həmin dövrdə Nigeriya mətbuatında iki məqalə çap etdirə bildim. Müəyyən media orqanları əvvəl-əvvəl bunu qəbul etmədilər. Çünki həmin media qurumlarını idarə edən ermənilər buna imkan verməzdilər.

- Fotonuzu paylaşmışdınız, Şuşada çörək gətirdiniz. Həmişə xaricdə aksiyalarda dalğalanan böyük Azərbaycan bayrağını Cıdır düzünə sancdınız. Səfəriniz barədə danışmanızı istərdim...

- Şuşadan su və çörək gətirdim. Çünki uşaqlarım da Şuşa və Qarabağ haqqında məndən çoxlu məlumat alırlar. Torpağı özüm üçün gətirdim, çörəyi uşaqlara görə... Hər şeyi ailəmlə paylaşmaq istədim. Bayrağımızı da Cıdır düzünə sancdıq. Cıdır düzünün özünəməxsus gözəlliyi var. Deyərəm, bəlkə Azərbaycanın ən gözəl yerlərindən biridir. Səfərimiz qeyd etdiyim kimi Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən qısa bir zamanda təşkil edildi. Səfər barədə şəxsən mənim öncədən heç bir məlumatım yox idi. Gözlənilməz oldu, həqiqətən yerində və zamanında təşkil edildi.

Sizə deyə bilərəm ki, bu səfərdən sonra azərbaycanın həqiqətlərini, Qarabağ ilə bağlı məlumatları daha fərqli formada dünyaya çatdıracağıq. Çünki dağıntıları, dəyən ziyanı öz gözümüzlə gördük. Qarabağ müharibasi başlayanda mənim on yaşım var. Baxmayaraq ki, Lahıcdanam, amma o dövrdə həmin travmanı mən də yaşamışam.

Füzulidən keçəndə yalnız bir neçə daşı qalmış evləri, qazılmış səngərləri gördük. Dəhşətli bir mənzərə idi. Çünki indiyədək bunu yalnız fotolarda, videolarda, kinolarda görə bilirdik və reallığı seyr eləmək həqiqətən çox çətindi...

Şuşada gəzəndə yanımdakı yoldaşıma deyirdim ki, elə bil yuxudayam. Ayağımın Şuşaya dəyməsinə həqiqətən inana bilmirdim. Buna görə mən şəhidlərimizin, əsgərlərimizin, qazilərimizin qarşısında baş əyirəm. Orda xidmət edən, qələbədə payı olan hər bir insanın qarşısında təzim edirəm.

- Nigeriyada yaşayan fransızların konsulu seçildiniz. Bilirik ki, Fransa erməni diasporunun çox güclü olduğu ölkələrdəndir. Necə odlu ki, azərbaycanlını konsul seçdilər?

- 2014-cü ildə Fransa dövləti hər bir ölkədə yaşayan fransızların özünə konsul müşaviri seçməsi barədə qərar verdi. Bu qanuna əsasən marağı olan insanlar namizədliklərini verir və seçki kampaniyası keçirirlər. Seçkilər oldu, mən Makron partiyasından namizədliyimi irəli sürdüm və qalib gəldim. Beş nəfər yarışırdıq. Necə oldu ki, azərbaycanlı bu vəzifəyə təyin edildi? Həqiqətən doğru bir sualdır.

Mən illərlə Fransanın Nigeriyada olan təşkilatlarında fəalam. Burda yaşayan fransızların təşkilatının vitse-prezident və prezidenti, fransızların buradakı məktəbində idarə heyətinin on bir üzvündən biri olduğum üçün fransızlar mənə səs verdilər. Ümid edirəm ki, doğru-düzgün şəkildə onların etimadını doğrulda biləcəm.

- Zaman-zaman diaspor nümayəndələri müəyyən tənqidlərə məruz qalır. Bu tənqidlər atdığınız addımlara qarşı nə qədər adekvatdır?

- Mənim uzun illərdir qeyri-hökümət təşkilatları, könüllülük və professional iş sahəsində təcrübəm var. Tənqid qeyri-adi bir şey deyil. İnsanlara, təşkilatlara ümumiyyətlə, dövlət strukturlarına, qeyri-dövlət qurumlarının fəaliyyətinə tənqidlər olacaq və bu, normal bir şeydir. Çünki hər bir insanı razı sala bilmərik.

Diaspor nümayəndələri də tənqidlərə məruz qalırlar. Ola bilsin, bunun üçün müəyyən səbəblər var. Mənə elə gəlir ki, müəyyən ideyalar ətrafında kimliyindən, yaşadığı ölkədən, dinindən və sair mənsubiyyətindən asılı olmayaraq hər kəs eyni qaydada addımlamalıdır. Əgər tənqid varsa, demək, işdə var. Mən belə düşünürəm, ona görə də hər bir kəsə öz seçdiyi yolda, apardığı missiyada uğurlar arzulayıram. Fərqlilik də bir gözəllikdir.

Liderliyi bacaran insanlar səbirli olmalıdır və məncə, tənqidlərə, iradlara qarşı təmkinli davranmaq ən gözəl adekvat addımdır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər