Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində kifayət qədər ciddi mesajlar səsləndirib. Ölkə başçısı Azərbaycanın haqlı mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb. 30 ilə yaxın işğalda olan Azərbaycan ərazilərinin azad edilməsindən sonra bölgədə yaranmış reallıq bir daha açıq şəkildə təhlil edilib. Təbii ki, Azərbaycanın təkbaşına BMT və digər aparıcı beynəlxalq təşkilatların qərarlarının icrası ilə bağlı atdığı konkret addımlar diqqətə çatdırılıb.
Bunu Teleqraf.com-a Mili Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O bildirib ki, Cənubi Qafqazda bundan sonra yaranmış yeni reallığa uyğun olaraq sərgilənəcək mövqe və dövlətlərin yanaşması olduqca vacibdir:
“Dövlət başçısı bir daha bölgədə sülhə və təhlükəsizliyə Azərbaycanın vermiş olduğu töhvəni önə çəkdi. Bu gün yeni bir reallıq yaranıb. Bu reallıq qarşılıqlı əməkdaşlığa bir-birinin maraqlarına olan hörmətə əsaslanır. Məhz bu prinsiplər üzərində qurulacaq münasibətlər bölgə xalqlarının daha firavan yaşayışına xidmət edəcək”.
Millət vəkili hesab edir ki, Azərbaycanın 44 günlük tarixi zəfərindən sonra sərgilədiyi mövqe, qarşı tərəfə ardıcıl olaraq sülh çağırışları etməsi ölkəmizin hümanizm prinsiplərinə olan münasibətinin bariz nümunəsidir:
“Vətən müharibəsi dövründə də Azərbaycan özünün hümanizm dəyərlərinə olan münasibətini açıq şəkildə ortaya qoydu. Ermənistandan fərqli olaraq heç bir mülki obyekt hədəf seçilmədi. Dinc insanların üzərində ağır silahlardan atəş açılmadı. Amma bunun əskinə olaraq Ermənistan Azərbaycanın mülki obyektlərini, yaşayış məntəqlərini raket və artilleriyanın hədəfi seçdi. Nəticədə yüzdən artıq dinc Azərbaycan vətəndaşı bu terrorun qurbanı oldu. Bu bir daha Ermənistan dövlətinin insani dəyərlərə, hümanizm prinsiplərinə olan yanaşmasının açıq nümayişi idi”.
Məlahət İbrahimqızına görə, ölkəmizin hədəfləri qardaş Türkiyə, eləcə də qonşu dövlətlərlə münasibətlərin perspektivi olduqca böyükdür:
“Cənubi Qafqazda icra ediləcək layihələr, sözsüz ki, Zəngəzur dəhlizi və digər nəqliyyat kommunikasiya əlaqələrinin reallaşmasını məqbul edir. Məhz bu layihələrin yaratdığı əməkdaşlıq platformasında bölgədə uzunmüddətli sülhə nail olmaq mümkündür. Ən başlıca amil isə dövlətlərin ərazi bütövlüyü məsələsidir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla regionda sabitliyə əsas yaratmış olacaq. Sözsüz ki, hazırda sülhyaradıcı missiya xətti ilə proseslərin icra vəziyyəti müşahidə olunur. Amma bir çox hallarda Bəyanatda nəzərdə tutulmuş prinsiplərin icrası və ləng həyata keçirilməsi hallarını da qeyd etməliyik. İnanırıq ki, yaxın dövrdə qarşıya qoyulmuş bütün məsələlərin həlli mümkün olacaq. Bununla da Azərbaycanın yaratmış olduğu yeni platforma bölgə xalqlarının təhlükəsizliyinə, xoşbəxtliyinə, firavan yaşayışına xidmət edəcək”.