Bu gün Vətən Müharibəsi Şəhidlərinin Anım Günü ilə əlaqədar Ağdamın Cümə məscidində Ağdam şəhəri daxil olmaqla rayonun işğaldan azad edilmiş hissəsi üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və nümayəndəliyin əməkdaşlarının iştirakı ilə şəhidlərimizin anım mərasimi baş tutub.
Teleqraf.com xəbər verir ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsindən nümayəndə heyəti, Bərdə və Ağdam məscidlərinin axundları ərazi bütövlüyümüz uğrunda həyatını qurban vermiş Vətən müharibəsi şəhidlərinin ruhuna namaz qılıb, həmçinin dualar oxunub və Quran tilavət edilib.
Daha sonra mərasimdə iştirak edən hərbçilər, qazilər, polis əməkdaşları, media nümayəndələri və digər şəxslərlə birgə Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti izlənilib.
Sonda isə Qarabağ müharibəsi zamanı Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə şəfa versin!