“Rusiya bölgədə gərginliyin azalması üçün Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyasının tərəfdarıdır”.
Teleqraf.com xəbər verir ki, bunu erməni ekspert Arqişti Kiviryan deyib.
O, Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasının Moskva üçün sərfəli olmadığını deyib. Ekspertin fikrincə, bu, baş verərsə, Bakı dərhal sülhməramlıların Qarabağdan çıxarılması məsələsini qaldıracaq.
Kiviryan qeyd edib ki, Rusiya gərginliyin artmaması üçün status məsələsindən də yan keçir:
“Status məsələsini indiki mərhələdə müzakirə etmək Ermənistan üçün sərfəli deyil. Çünki bu gün heç kim onun maraqlarını nəzərə almayacaq. Güclü ordumuz olsaydı, səsimizi daha bərk çıxa bilərdi. Mövcud vəziyyətə baxdıqda, proseslərin xeyrimizə olduğunu deməkdə çətinlik çəkirəm”.
Kiviryan 44 günlük müharibədə dağılmış Ermənistan ordusunu bərpa etməyin mümkünlüyünə də diqqət çəkib. O, artıq Azərbaycanın Qarabağda quruculuq və bərpa işlərinə başladığını, kimsənin buna mane ola bilmədiyini söyləyib.
Ekspert Goruc-Qafan yolundakı duruma da diqqət çəkib: “Azərbaycanlılar Gorus-Qafan yolunda polis postları qurublar və iranlı sürücülərdən gömrük rüsumu alırlar. Sabah erməni sürücülərə qarşı da eyni şeyi edə və ya yolun bu hissəsini bağlaya bilərlər”.
Kiviryan Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinin Ermənistanın da maraqlarına uyğun olmadığını deyib. O hesab edir ki, Rusiya bundan Ermənistanın yox, özünün maraqlarına xidmət etmək üçün istifadə edəcək.
Kiviryan hər kəsin müharibənin qalib tərəfi kimi Azərbaycanla hesablaşdığını söyləyib.