Qusar rayonu Əniğ kənd sakini 1996-cı il təvəllüdlü leytenant, kəşfiyyatçı şəhid İmaməliyev Sərraf Murtuzəli oğlunun təqaüd məsələsi hüquqi həllini tapmamış hesab olunur.
Şəhidin babası Muradhasil Ağalarov deyir ki, oğlu Murtuzəli İmaməliyev vəfat edəndən sonra Sərrafı və ondan iki yaş böyük bacısı Natəvanı o böyüdüb boya-başa çatdırıb. Keçmiş gəlini Mühübəliyeva Elnarə Xeyrulla qızı isə ərə getməyi ilə əlaqədar olaraq öz uşaqlarından – İmaməliyeva Natəvan və İmaməliyev Sərrafı saxlamaqdan, böyütməkdən, tələb etməkdən imtina etdiyinə dair ərizəni Qusar rayon icra hakimiyyəti başçısının Əniğ kənd inzibati ərazi üzrə nümayəndəliyində öz imzası və əlyazması ilə təsdiqləyib.
Şəhid babasının sözlərinə görə, şəhid ailəsinə verilən bütün imtiyazlardan nəvəsinin bioloji anası yararlanır.
Qeyd edək ki, şəhidin bacısı Natəvan İmaməliyeva da babasının sözlərini təsdiqləyir.
Şəhidin bioloji anası Elnarə Baləliyeva isə Muradhasil Ağalarovun və qızı Natəvan İmaməliyevanın dediklərinin həqiqətə uyğun olmadığını deyir. O, övladlarından imtina etdiyinə dair 2000-ci ildə yazdığı ərizəni qətiyyətlə rədd edir və bunun qurama olduğunu bildirir.
Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-a bildirib ki, məsələyə hüquqi cəhətdən qiymət verilməlidir.
O hesab edir ki, real vəziyyət əsas götürülüb işə məhkəmədə baxılmalıdır:
“Burada bir neçə belə situasiya var. Ana övladlarını atıb gedib, imtina ərizəsi yazıb, təbii ki, kim böyüdüb-saxlayıbsa bunlar nəzərə alınmalıdır. Müvafiq qurumlar bioloji anaya verilən yardımları, şəhid ailəsinə verilən bütün imtiyazları dərhal dayandırmalıdır. Bu imtiyazlar şəhidi kim böyüdübsə, ona verilməlidir.
Fikrimcə, bu kimi məsələlərə yalnız hüquq nöqteyi-nəzərdən baxılması doğru deyil. Çünki bu, elə bir məsələdir ki, haqq-ədalət pozulub. Biz şəhid ailələrinə dəstəyi ona görə vermirik ki, hansısa formada ədalət pozulsun. Bu məsələdə də qəti şəkildə ədaləti pozmaq olmaz. Konkret addımlar atmaq lazımdır ki, şəhid babasına dəstək verilsin.
Şəhidin bioloji anasının valideynlik hüquqlarından məhrum edilməsi barədə müvafiq orqanın qərarı olmadığına görə onun şəhid ailəsi üzvü kimi imtiyazlardan istifadə hüququ yaranıb. Şəhidin babası məhkəməyə müraciət edib qanuni varisi kimi özünün tanınmasını tələb etməlidir. Hüquqi olaraq da məhkəmənin qərarı əsas götürülməlidir”.
Vəkil Əsabəli Mustafayev Teleqraf.com-a bildirib ki, qanuni vərəsələr qanunvericiliklə tənzimlənir: “Şəxs dünyasını dəyişirsə, qanunla birinci, ikinci, üçüncü növbə vərəsələr var. Birinci növbə vərəsələr ölən şəxsin valideynləri və övladları tanınır. İkinci növbə vərəsələr isə ölən şəxsin nənəsi, babası, qardaşı və bacısıdır. Bunlar hüquqi cəhətdən qeyd olunur. Burada qanunu dəyişmək mümkün deyil. Yəni ana qanun üzrə vərəsədir.
Azərbaycanda ləyaqətsiz vərəsə tanınmaq institutu var. Bu da ancaq oğul sağ olan dövrdə məhkəməyə müraciət edib anasını ləyaqətsiz vərəsə saydıra bilərdi. Bu zaman ana hüquqi vərəsə olmayacaqdı. Ancaq indi bu mümkün deyil.
Ona görə də bəzən həyati məsələlərlə hüquqi məsələlər toqquşur. Hərdən qanunlar heç də ədalətli olmur. Bu məsələdə hüquq heç də ədalətli deyil. Çünki gözünü yumub deyir ki, ana vərəsədir, vəssalam. Şəhidə nə ödəniş və xüsusi imtiyaz verilirsə, anaya keçir.
Burada qonşuların sözünün, nə vaxtsa ana tərəfindən verilmiş imtina ərizəsinin hüquqi qüvvəsi yoxdur. Qonşuların topladığı imza ancaq faktı təsdiqləyir ki, bəli, şəhidi babası saxlayıb. Ana olmasaydı, baba qanuni vərəsə olacaqdı.
Yəqin ki, məhkəmə də bu qayda ilə gedəcək. Amma anaya qarşı mənəvi qınaq yaratmaq məqsədilə məhkəmə prosesini başlamaq olar. Nəticədə şəhid ailələri üçün nəzərdə tutulan imtiyazlar anaya yox, onu saxlayan babaya ödənilsin. Hətta hüquqi nəticəsi olmasa da, mənəvi nəticəsi olsun. Bəlkə də məhkəmələr belə bir amili əldə tutaraq ödənişlərin məhz şəhidi saxlayan adama verilməsi qərarını verə bilərlər. Doğrusu, bu, praktikada olmayıb, çünki qanuni vərəsə var”.
Hüquqşünas bu məsələdə vacib bir amilə diqqət çəkib: “Şəhid ailələrinə verilən ödənişlər vaxtilə şəhidin mülkiyyətində olmayıb ki, vərəsəliklə də keçsin. Qanunla şəhid olanın əmlakı hüquqi varislərə miras qismində çatır. Ancaq şəhid olmadan əvvəl sığorta ödənişləri, eləcə də təqaüdlər kimi imtiyazlar onun mülkiyyətində olmayıb. Yəni bu ödənişlər əvvəl olmadığı üçün mülkiyyət hesab olunmur. Bu nöqteyi-nəzərdən ödənişlər vərəsələrə keçməməlidir.
Bəlkə bu məqamı əsas tutaraq məhkəmələr həmin ödənişi şəhidi saxlayıb böyütmüş şəxsə ödənilməsini təmin edə bilər. Çünki bu ödənişlərin əsas təyinatı şəhidi saxlayıb böyüdən adamlara müəyyən miqdarda təzminat və ya əvəz kimi verilir. Yəni bu ödənişlər miras deyil.
Bu məsələdə müəyyən məqamlar var ki, məhkəmə predmetinin baxışı ola bilər. Hətta lazım gəlsə, məsələni Konstitusiya Məhkəməsinə qədər də çıxarmaq olar. İlk növbədə şəhidə ayrılan ödənişlərin vərəsə predmeti olmasına aydınlıq gətirilməlidir. Müharibə qanunda olmayan bəzi məqamları üzə çıxarıb, hüquq da hələ ki, buna dəqiqliyinə qədər qiymət vermir”.
Şəhidin bioloji anası iddia edir ki, Muradhasil Ağalarova şəhid ailələri üçün kommunal xidmətlərə görə aylıq müavinət təyin edilib. Maraqlıdır, şəhid ailəsi üzvü kimi imtiyazlardan istifadə hüququndan iki nəfər necə yararlana bilir?
Vəkil deyir ki, kommunal xidmətə görə aylıq müavinətlər təyin edilərkən şəhidin harada qeydiyyatda olduğu əsas götürülüb: “Görünür, şəhid babasının evində qeydiyyatda olub və oradan da müharibəyə çağırılıb. Ona görə də şəhidin qeydiyyatda olduğu mənzili qoyub, başqa evlərə kommunal xidmət görə aylıq müavinətlər təyin olunması düzgün olmazdı”.
Qanunla həyatda olmayan şəxsin valideynini bu hüquqdan məhrum etmək olarmı?
Əsabəli Mustafayev deyir ki, hüquqi cəhətdən imtina bir neçə hallarda baş verir: “Tutaq ki, valideynlərdən biri uşağı aparıb internat evinə verir. Buradan da gələcəkdə kiməsə övladlığa verilməsi üçün uşaqdan imtina etdiyinə dair ərizə yazır. Qanunla “valideynlik hüququndan imtina edirəm” deməklə bu hüquqdan məhrum olunmur. Amma uşaqları babanın yanında qoyub getməklə, valideynlik hüququndan imtina edirəm deməklə və bunu yazılı formada hansısa idarəyə təqdim etməklə məsələ bitmir”.
Bu yazı "Qadın Konsensus Mərkəzi" İctimai Birlyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirdiyi "Şəhid ailələrin sosial problemlərinin həllinə dair təşəbbüslər" layihəsi çərçivəsində hazırlanıb