Qusar rayonu Əniğ kənd sakini 10 sentyabr 1996-cı il təvəllüdlü leytenant, kəşfiyyatçı şəhid İmaməliyev Sərraf Murtuzəli oğlunun təqaüd hüququ pozulub.
Bu iddia ilə Teleqraf.com-un qonağı olan şəhidin babası Muradhasil Ağalarov çıxış edib.
73 yaşlı baba nəvəsinin şahədətindən sonra böyük ədalətsizliklə qarşılaşdığını deyib: “Sərraf iki yaşında olanda atası İmaməliyev Murtuzəli Muradhəsil oğlu 1998-ci il avqustun 10-da vəfat etdi. Bundan sonra Sərrafı və ondan iki yaş böyük bacısı Natəvanı mən böyüdüb boya-başa çatdırdım.
Oğlum Murtuzəlinin vaxtsız vəfatı ilə ailə birliyimiz də pozuldu. Oğlumun 40-ı çıxan günü gəlinim Elnarənin atasını çağırıb qızlarını aparmalarını təklif etdim. Dedim ki, cavandır, bəlkə ailə qurmaq istəyər. Oğlumun qayınatası da əlini rəhmətlik Sərrafa uzadıb dedi ki, qızımın əri elə buradadır, sənin evində. Çağırdı qızının fikrin də aldı, Elnarə də dedi ki, ərə getməyəcək, oturub balalarını saxlayacaq. Biz də buna şad olduq.
2000-ci ilin mart ayında qızımın toyu günü gəlin ərə getmək istədiyini deyib və buna oğlum İmamın fikrini öyrənmək istəyib. Oğlum əvvəldən də onun ərə getməsinə ailədən heç kəsin narazı olmadığını deyib. Bildirib ki, əgər getmək istəyirsə, yaralarımız isti ikən, vaxtında getsin.
Mart ayından gəlin evə yaxın gəlmədi. Mənə demişdi ki, onun üçün ayrıca bir ev tikim. Mən də ona bildirdim ki, yaşadığımız evlər böyükdür, istəsə birinci mərtəbəni, istəsə ikincini mərtəbəni seçib ayrı yaşaya bilər. Onun bizim evdə tək yaşamasına razı idim, ancaq gedib kənar bir yerdə ona ayrıca ev tikmək istəmədim, dedim gözümün qabağında olsun.
Ancaq o, bizim evdə yaşamaq istəmədiyini dedi. Aprel ayında bizdən çıxıb getdi atasıgilin evinə. Gedəndə də uşaqları aparmadı. Beləliklə, uşaqlar 4 ay bizim yanımızda qaldı. Sonra eşitdik ki, o, qanuni ailə qurub, bizim soyadımızdan da imtina edib. Onun yeni qurduğu ailəsindən bir uşağı da var.
O vaxtı dövlət uşaqlara 120 min manat (12 şirvan) uşaq pulu verirdi. O pulu nə mən ala bilirdim, nə də gəlinə verirdilər. Lakin beş ay keçəndən sonra gəlin uşaqlarını aparmaq istədiyini dedi, biz də etiraz etmədik. Sonra məlum oldu ki, gəlin 5 ayın uşaq pulunu düzəltdirib alıb 60 min (60 şirvan). Sonra Elnarənin qardaşı qonşuya gəlib, yoldaşımı da ora çağırtdırıb deyib ki, uşaqları aparın.
Onlar oğlumun yadigarlarıdır, biz buna çox sevindik. Uşaqları götürüb gəldik. O vaxtdan uşaqları özüm saxlayıb böyütdüm.
Sərraf orta təhsilini başa vurandan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdu. Liseyi bitirəndən sonra dövlət xətti ilə bir müddət Türkiyədə təlimlərdə iştirak etmişdi. Ali hərbi məktəbi bitirib zabit olandan sonra bir neçə il Vətənə xidmət elədi.
Nəvəm Natəvana toy etdiyim gün həyat yoldaşım dedi ki, Allah bizi bağışlamaz, uşaqları anaları ilə barışdıraq. O vaxtdan toy gününə qədər uşaqlar anasının üzünü görməmişdilər. Toy günü çağırdıq gəldi, amma rəhmətlik Sərraf anası ilə danışmadı. Onları qohumların təkidi ilə bir otağa saldıq ki, bəlkə danışarlar. Həyətdən Sərrafla anasının səsi eşidilirdi. Nəvəm yüksək səslə ona deyirdi ki, sən özünə ana deyirsən, amma haradan ana oldun? Sən gedib başqasının uşaqların çimizdirəndə, paltarlarını yuyanda fikirləşmisənmi mənim Sərrafımın paltarlarını kim yuyur, onu kim çimizdirir? Mənim anam da, atam da babamdır. Xülasə, Sərraf anası ilə barışmadı”.
Muradhasil Ağalarov deyir ki, nəvəsi Sərrafa müharibə başlamadan təxminən bir-iki ay əvvəl toy edibmiş: “Sərraf dəfn olunandan sonra həyat yoldaşı da çıxdı getdi atası evinə. Bildiyimə görə, o artıq ailə həyatı da qurub.
Sərraf sonuncu dəfə anası ilə toyundan sonra görüşüb. Haradansa anasının telefon nömrəsini tapıb, onu Qusarın parkına çağırıb. Orada ona tapşırıb ki, bir də bacısının və onun həyatına qarışmasın. Sərraf deyib ki, səndən bizə ana olmayıb, sənə “ana” deyən ürəyim də yoxdur, bacımı da məndən uzaqlaşdırma”.
Şəhid babasının sözlərinə görə, Elnarə övladlarından imtina etdiyinə dair ərizəni 2000-ci ildə yazıb: “Elnarə Qusar rayon icra hakimiyyəti başçısının Əniğ kənd inzibati ərazi üzrə nümayəndəliyində öz imzası və əlyazması ilə yazdığı ərizədə uşaqlarından imtina etdiyini təsdiqləyib. Ərizədə qeyd edir ki, mən Mühübəliyeva Elnarə Xeyrulla qızı ərə getməyimlə əlaqədar olaraq öz uşaqlarımdan – İmaməliyeva Natəvan və İmaməliyev Sərrafı saxlamaqdan, böyütməkdən, tələb etməkdən imtina edirəm. İndi bu sözləri yazan biri çıxıb ortaya özünə “şəhid anasıyam” deyir.
Səhvim orada oldu ki, qanuni olaraq uşaqların qəyyumluğunu almadım. Savadım yoxdur, düşünmədim ki, qəyyumluğa və ya himayəçiliyə götürmək üçün notariat qaydada təsdiq edilmiş rəsmi razılıq ərazisi lazım imiş. Bunları heç düşünmədim...Onsuz da o iki uşağı mən böyütmüşəm, qız nəvəmi də layiqincə köçürmüşəm, iki də uşağı var. Qardaşının şəhid olması ona çox pis təsir edib.
Nəvədən çox oğul balam şəhid olub. İyirmi ildən çox balası ilə maraqlanmayan, bir dəfə gəlib yoxlamayan “ana” indi şəhid anası olub. Şəhid puluna yiyə çıxıb. Məni isə heç saya salan yoxdur. Əslində mənə o puldan heç bir qəpik də lazım deyil. Balamın itkisini heç nə əvəz edə bilməz. Ancaq məni ağrıdan ədalətsizlikdir. Yenə deyirəm, mənə pul lazım deyil, heç verməsinlər, ancaq o qadına da düşmür. Çünki o qadın uşaqları körpə ikən atıb gedib, bir dəfə də olsun ötən uzun illər ərzində onların taleyi ilə maraqlanmayıb.
Şəhid olmamışdan qabaq təsadüfən qarşılaşsaydılar, heç tanımazdı. Heç indi də onun ölümünə yanmır. Dəfn olunan gün qonaq kimi yasda iştirak edib getdi. Ondan sonra nə üçündə, nə yeddisində, nə də 40-da gəldi...
Məlumdur ki, şəhidin vərəsələrinə sığorta ödənişi 11 min manatdır. Bundan əlavə, 2021-ci il yanvarın 1-dən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 500 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” verilir.
Elnarə şəhid anası kimi 11 min manat sığorta pulunu alıb nəvəm Natəvana verib. O, 6 aydan sonra aylıq 500 manat təqaüdü, hətta şəhid ailəsi statusunu da rəsmi olaraq Natəvana verəcəyini deyib. Anası əvvəlcə Natəvanı aldadır, deyir ki, bu pullar babanın əlinə keçsə, sənə verən deyil. Bunu eşidəndə nəvəmə dedim ki, anası onun başını aldadır, axırda da elə mən deyən oldu. İndi də deyir ki, bu, mənim analıq haqqımdır, heç Natəvanla da maraqlanmır. İstəyirik ki, aylıq təqaüd Natəvana verilsin. Onun iki uşağı var, çox çətin dolanır.
Nəvəm Natəvan məsələ ilə bağlı Birinci xanım Mehriban Əliyevaya, Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyinə, Müdafiə və Daxili İşlər nazirliklərinə şikayət ərizəsi yazıb. Bir dəfə Müdafiə Nazirliyindən cavab gəldi ki, pul anaya çatır. Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyi də məhkəməyə müraciət etməyimizi deyir.
Başa düşürəm, burada dövlət qurumları işə rəsmi tərəfdən baxırlar, amma məsələnin bir də mənəvi tərəfi var axı... Qusar rayon təhsil şöbəsi rayon icra hakimiyyəti başçısının Əniğ kənd inzibati ərazi üzrə nümayəndəliyinin 10 noyabr 2000-ci il sərəncamı ilə nəvələrimi babası və nənəsi, yəni mənim və həyat yoldaşım Sona Əmirbəy qızı Ağalarovanın qəyyumluğuna verdiyini rəsmi təsdiq edib. Kənd camaatı da təsdiq edər ki, Sərrafı ölənə kimi, Natəvanı da ailə qurana qədər nənəsi və babası saxlayıb”.
Müsahibimiz qeyd edir ki, Qarabağ müharibəsi başlayanda nəvəsini Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndəriblər: “Onun arxasınca getdim. Müharibə başlayan gün Sərraf dedi ki, baba, sən burda dayanma, çıx get. Bir müddətdən sonra Sərrafın yaralandığını eşitdim. Onu Tərtərdə hərbi hospitala yerləşdirəndə zəng edib məni çağırdı. Getdim gördüm ki, müharibədə kontuziya alıb, başı əsirdi, addımlarını da qəribə atırdı. Müalicədən bir neçə həftə sonra yarı yaxşı, yarı pis yenidən müharibəyə qayıtdı. Onları Beyləqandan Füzuliyə apardılar. Sərrafın noyabrın 7-də Hadrutda şəhid olduğu xəbərini aldıq. Onun meyitini bir həftə sonra götürə bilmişdilər”.
Muradhasil babanın sözlərinə görə, məsələ ilə bağlı Qusar məhkəməsinə müraciət etsə də, məhkəmə işi icraata götürməyib: “Gah əsas gətirirlər ki, sənədlərinə köhnə möhür vurulub, daha o möhür öz qüvvəsini itirib, gah da deyirlər ki, rəsmi olaraq hüquqi varis anasıdır. İndi Sərrafı saxlamayan, onu görsə belə tanımayan bir qadın çıxıb ortaya ki, şəhid anasıyam.
Nəvəm şəhid olandan bəri ötən müddət ərzində dəfnində iştirakı nəzərə almasaq, icra başçısı da daxil olmaqla bir nəfər də vəzifəli şəxs bizim həyətə gəlməyib. Bizimlə maraqlanıb, halımızı soruşan olmayıb. Axı o şəhidi 20 il mən böyütmüşəm, mən tərbiyə etmişəm, mən oxutmuşam, mən yetişdirmişəm, Vətənə o qəhrəmanı mən vermişəm... Yaralanıb hospitala düşəndə mən gedib bir həftə yanında qalmışam, şəhid olandan sonrakı işlərin də hamısını mən görmüşəm...
Ölümündən sonra Sərraf “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olundu. Bu dörd medaldan ikisini mən almışam, ikisi isə hələ təqdim olunmayıb”.
Parlamentdə Qusar rayonunu təmsil edən deputat Azər Badamov Teleqraf.com-a məsələdən xəbərdar olduğunu deyib: “Bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişəm. Qeyd olunub ki, babasının qəyyumluğu notarial şəkildə təsdiq olunmadığı üçün ayrılan vəsait anasına ödənilib. Qanuni müstəvidə bunun mümkün olmadığını bildirdilər. Əgər anası notarial qaydada qəyyumluqdan imtina etsəydi, bu zaman təqaüd qəyyumluğu müəyyən olunmuş şəxsə ödənilmiş olardı. Anası da bundan imtina etmədiyi üçün qəyyumluğu dəyişmək mümkün deyil”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Teleqraf.com-un sorğusuna cavab olaraq bildirib ki, şəhidin ailə üzvləri qanunvericiliyə əsasən müəyyən olunur: “Belə ki, onun arvadı (əri); valideynləri; 18 yaşına çatmamış uşaqları; 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; qardaşları və bacıları (uşaq evlərində tərbiyə olunanlar); qanunla onları saxlayan şəxs olmayan babalar və nənələri.
18 yaşına çatmamış uşaqları, uşaq evlərində tərbiyə olunan qardaşları və bacıları əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək şəhid ailəsi üzvü hesab edilirlər. Həmin qeyd edilən şəxslərə də şəhid ailəsi üzvləri olaraq Prezident təqaüdü təyin edilir”.
Qurum rəsmisinin sözlərinə görə, şəhid İmaməliyev Sərraf Murtuzəli oğlunun anası olaraq Baləliyeva Elnarə Xeyrulla qızına 1 noyabr 2020-ci il tarixindən şəhid ailəsi üçün Prezident təqaüdü təyin edilib: “Ailə Məcəlləsinə əsasən, valideynlik hüquqlarından məhrum etmə məhkəmə qaydasında həll edilir.
Həmin Məcəlləyə əsasən, valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirilər.
Baləliyeva Elnarə Xeyrulla qızının valideynlik hüquqlarından məhrum edilməsi barədə müvafiq orqanın qərarı olmayıb və ona görə də bu hüquqları çərçivəsində onun şəhid ailəsi üzvü kimi imtiyazlardan istifadə hüququ var”.
Bu yazı "Qadın Konsensus Mərkəzi" İctimai Birlyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirdiyi "Şəhid ailələrin sosial problemlərinin həllinə dair təşəbbüslər" layihəsi çərçivəsində hazırlanıb