"Keçən il bu vaxt heç kim inanmazdı ki, biz torpaqlarımızı işğaldan azad edək. Amma cənab Ali Baş Komandanın gözlənilən əmri gəldi və biz qələbə savaşına başladıq. Bu əmri bütün xalqımız gözləyirdi".
Bunu saytımıza açıqlamasında Suqovuşan fatehi, Suqovuşana bayrağımızı ilk sancan İlkin Fərzəliyev deyib.
O bildirib ki, həmin dövrdə bütün xalq səfərbər olmuşdu: "Hamı yumruq kimi birləşmişdi. Biz döyüşlərə Tərtərin 482 adlı yüksəkliyindən başladıq. Ora alınmaz bir yer idi. Ermənilər o cür adlandırırdı. Çünki orada xeyli sayda qoşun cəmləmişdilər. Amma biz oranı azad etdik və Suqovuşan istiqamətində irəlilədik. Həmin istiqamətdə bizim 11 qardaşımız şəhid oldu, 6 hərbçi yoldaşımız yaralandı. Yekunda 17 itkimiz oldu. Bunun ardınca Talış, 1249, 1313 yüksəklikləri, Ağuçuq istiqamətində döyüşlərdə iştirak etdik və əraziləri ermənilərdən təmizlədik. Mən işğaldan azad edilən yerlərə bayraq sancan yeganə bayraqdaram ki, yaşayıram. Suqovuşana bayrağı sancdıqdan sonra Ali Baş Komandana məruzə etdik. Sonra bu xoş xəbər bütün xalqımıza çatdırıldı".