Mayın 7-də Tbilisidə “Şuşa İli”nə həsr olunmuş “Cənnətim Qarabağ” adlı musiqili gecə keçirilib.
Teleqraf.com xəbər verir ki, konsert Azərbaycanın Gürcüstandakı səfirliyinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyası ilə birgə təşkilatçılığı ilə reallaşıb.
Tbilisinin Vaxtanq Salaridze adına konsert zalında keçirilən tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, konsert Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın işğaldan azad olunmasına həsr olunub. Diplomat qeyd edib ki, Prezident İlham Əliyevin qərarı ilə bu il ölkəmizdə “Şuşa İli” elan olunub. Bu münasibətlə silsilə tədbirlər keçiriləcək.
Türkiyənin Gürcüstandakı səfirinin müavini Onur Sevim, İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova çıxış edərək fikirlərini bölüşüb, Azərbaycan xalqını qələbə münasibətilə bir daha təbrik ediblər.
Sonra tədbir konsert proqramı ilə davam edib.
Tədbirdə Azərbaycan və Türkiyə səfirliklərinin əməkdaşları, Azərbaycanın və Gürcüstanın mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri, Gürcüstandan olan şəhidlərin ailə üzvləri iştirak ediblər.