“Brüssel görüşünü bu prosesi aparan diplomatların fikirlərinə istinad edərək qiymətləndirmək lazımdır. Avropa İttifaqının Prezidenti Şarl Mişel görüşü məhsuldar adlandırdı. Nəzərə alınsa ki, ortalığa heç bir sənəd çıxmayıb, deməli, bu məhsuldarlıq detalların xırdalıqla müzakirə edilməsidir. 5 saat müzakirə aparılıb. Şifahi də olsa, orada razılaşmalar və öhdəliklər götürülüb. Bu görüşün nəticəsi olaraq Azərbaycan Prezidenti sərhəd komissiyası ilə bağlı sərancam imzaladı. Eləcə də Ermənistan Baş naziri Paşinyan da. Gözləmək istərdim ki, dəfələrlə öhdəliyə əməl etməyən Ermənistan nümayəndələri yaxın vaxtlarda sərhəddə Azərbaycan nümayəndələri ilə işə başlayacaqlar. Mənim qənaətimcə, bu, nəticə kimi qiymətləndirilə bilər”.
Bu sözləri Teleqraf.com-a mayın 22-də Brüsseldə Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələrini şərh edən deputat Rasim Musabəyov deyib.
Musabəyov ikinci məsələ kimi nəqliyyat xətlərinə diqqət çəkib:
“Biz gözləyirik ki, ermənilər həm dəmiryolu, həm də avtomobil xətti ilə bağlı konkret qərar versinlər. Yəni layihə təsdiqlənsin, onun büdcəsi bilinsin, icraçı müəyyən olsun, ortaya cədvəl qoyulsun və bilinsin ki, bu işlər nə zaman başlayıb, nə zaman başa çatdırılacaq. Eyni zamanda orada bir sıra məsələlər ortaya çıxır. Məsələn, bu nəqliyyat xətləri açıldığı halda onlar hansı qayda ilə istifadə ediləcək. Yəni hansı yüklər üçün sərbəst keçid olacaq. Əlbəttə, söhbət Azərbaycandan-Azərbaycana keçən yüklərdən gedir, konkret olaraq Naxçıvanı nəzərdə tuturam. Bu daşımalar necə, haradan və hansı şərtlərlə həyata keçiriləcək: həm yüklər, həm də insanlar üçün, eləcə də ermənilər üçün. Həmçinin keçidlərdən beynəlxalq istifadə hansı şəkildə olacaq. Hiss olunur ki, bütün bu məsələlərdə yekun söhbət aparılıb. Əlbəttə, mütəxəssislər görüşməli, konkret sənədlər və qaydalar müəyyən edilməlidir”.
Deputatın sözlərinə görə, Azərbaycan öncədən bəyan edib ki, onlar hansı şərtlərlə Azərbaycanın yükləri və insanların keçidinə tətbiq edəcəklər, eyni şərtlər onlara da tətbiq olunacaq:
“Beynəlxalq yüklərə gəldikdə İrandan Naxçıvandan keçərək Ermənistana gedək yüklərlə bağlı gömrük rüsumu götürülmədiyi halda, eyni şəkildə Türkiyədən Mehridən keçəcək yüklərə də eyni qayda tətbiq olunmalıdır. Əks halda Ermənistan anlamalıdır ki, onların bu xətlərdən istifadəsi baha başa gələr”.
Sonda Rasim Musabəyov qeyd edib ki, Brüsseldə işlək görüşü olub:
“Bəli, Paşinyanın xarakteri elədir ki, bu gün bir, sabah ikinci söz deyə bilir. Ancaq hiss edilir ki, onun danışıqları fırlatmaq limiti qurtarır. İyul və ya avqust ayında növbəti görüş nəzərdə tutulur. Paşinyan anlayır ki, bu görüşə əliboş gəlməsi, ona yaxın 5 il üçün vəd edilən 2,5 milyard maliyyəni gözləməyə dəyməz”.