24 İyun 2022 21:29
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kremlin nə düşünməsindən asılı olmayaraq, Rusiyanın Azərbaycana ciddi təzyiq rıçaqları əlindən çıxıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinə diqqət çəkib:

“Lavrovun bu səfəri Ermənistan və Azərbaycan arasındakı prosesdə Kremlin aktiv rolunu artırmaqdan ibarətdir. Demək olar ki, bu baxımdan səfərin Azərbaycan üçün strateji önəmi yoxdur. Şimaldan atılan bütün addımlar Rusiyanın Cənubi Qafqazda imperiya ambisiyasının gücləndirilməsinə hesablanıb.

Hesab edirəm ki, Kremlin nə düşünməsindən asılı olmayaraq, Rusiyanın Azərbaycana ciddi təzyiq rıçaqları əlindən çıxıb və Bakı kifayət qədər regionda müstəqil siyasət yürüdür. Bu çərçivədə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesinin sentyabrdan aktiv fazaya keçməsi gözlənilir. Rusiya bu prosesi tormozlaya bilməyəcək.

Hazırda Ermənistanın Laçın istiqamətində - dövlət sərhədində atəşkəsi mütəmadi pozması əsasən strateji yüksəkliklərdə mövqe ələ keçirməyə hesablanıb. Bu da mənasız gedişdir. Ermənistan da öz himayədarı Rusiya kimi, sərhəd komissiyasının işini ləngidə bilməyəcək”.

Məhəmməd Əsədullazadə Ermənistan daxilindəki ictimai-siyasi vəziyyətin dəyişdiyini də söyləyib:

“Erməni müxalifətinin etiraz aksiyalarına gəldikdə, xalqdan geniş dəstək ala bilməyən radikallar və revanşistlərin bu gedişi nəticəsiz oldu. Demək olar ki, daxildən Nikol Paşinyan üçün təzyiq sıfıra bərabərdir. Paşinyana müqavimət göstərmək gücü olmayan müxalifətin tədricən parlamentdən çıxması da istisna deyil.

Ümumiyyətlə, Ermənistanda məhz Qarabağa görə ümumxalq etirazı gözlənilmir. İkinci Qarabağ Müharibəsində acı məğlubiyyətlə üzləşən ermənilər yenidən belə bir savaşa girmək istəmirlər. Çünki bunun nəticəsinin onlar üçün yaxşı olmayacağını yaxşı bilirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər