ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanı əhatəli sülh anlaşması əldə etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel deyib.
Jurnalist Patelə Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə bu gün Brüsseldə keçiriləcək Azərbaycan və Ermənistan liderlərinin görüşünü xatırladıb və ondan həmin görüşdən gözləntilərinin nə olduğunu soruşub.
“Azərbaycan və Ermənistanla əlaqədar sualınızla bağlı məndə heç bir yenilik yoxdur. Mən yalnız əvvəl dediklərimizi təkrarlaya bilərəm: Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunda təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqdir. Biz Ermənistan və Azərbaycanı diplomatik əlaqələri gücləndirməyə və sülh müqaviləsi ilə bağlı əhatəli razılığa gəlməyə çağırırıq”, - Patel bildirib.