“Ruben Vardanyan Xankəndinə göndərilən casusdur. Ona separatçılar “dövlət naziri” vəzifəsini təklif ediblər. Bu təsadüfi deyil. Açığı, mən onu Rusiyanın müxtəlif dairələri tərəfindən idarə olunan təxribatçı hesab edirəm. O, dələduzluq və çirkli pulların yuyulması yolu ilə əlinə böyük sərvət keçirib. Vardanyanı ABŞ başda olmaqla Qərb ölkələri sanksiya siyahısına salmaq istəyirdi. Amma Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxaraq Xankəndiyə yerləşib. Üstəlik burada avantürist ideyalarla çıxış etməyə çalışır”.
Bu sözləri Teleqraf.com-a politoloq Qabil Hüseynli Qarabağdakı separatçıların durumu haqqında danışarkən deyib.
Mütəxəssis bildirib ki, Azərbaycan Ruben Vardanyanın burada istədiyi kimi hərəkət etməsinə imkan verməyəcək:
"Azərbaycan ümumən Qarabağın dağlıq hissəsindəki separatçıların qızışdırıcı bəyanat və təkliflərlə çıxış etməsinə mane olacaq. Görünən budur ki, Ruben Vardanyanla bağlı durum Rusiyanın müəyyən dairələrinin həyata keçirmək istədiyi prosesdir. Odur ki, buna heç imkan verilməyəcək. Sözsüz ki, Ukraynada Rusiyanın durumu ağırdır, faktiki bataqlığa düşüb. İndi onun Qafqazda gərginlik ocağı yaratmasına Azərbaycan əngəlləyəcək. Ölkə prezidenti də bu barədə deyib. Düşünürəm ki, Paşinyanla Praqa danışıqları zamanı bütövlükdə Qarabağın Azərbaycanın unitar quruluşuna uyğun olaraq onun tərkib hissəsi kimi nəzərdən keçiriləcək. Sülh müqaviləsi də ərazi bütövlüyü tanınması qarşılığında Azərbaycan və Ermənistan arasında imzalanacaq”.
Qabil Hüseynli qeyd edib ki, hazırda Qarabağdakı separatçılar gedən proseslərdən həm narahat, həm də pərişandırlar:
“Onları qızışdırır, müəyyən şüarlar və hətta olan bilsin ki, vədlərlə qaza gətirirlər. Amma sağlam düşüncəli insanlar başa düşürlər ki, deyilənlər kimlərinsə təhrikidir, onların həyata keçməsi imkanı ya aşağıdır, ya da mümkünsüzdür. Odur ki, Qarbağdakı ermənilər içərisində çaşqınlıqla yanaşı köçə meyllilik də var. Düzdür, onların qarşısını yalan vədlərlə alırlar, eyni zamanda sülhməramlılar onların ərazidən getməsinə mane olur. Həm də imkan vermirlər ki, sadə ermənilərin Azərbaycan vətəndaşı olması istiqamətində işlər aparılsın. Qorxu, təzyiq və "yağlı vədlər" hesabına bu prosesin qarşısını hələlik alırlar”.
Politoloq əlavə edib ki, bölgədə dayanıqlı sülh Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparıla bilər:
“Qarabağın dağlıq ərazisi Azərbaycan-Ermənistan danışıqları zamanı müzakirə mövzusu ola bilməz. Şarl Mişelin dediyi kimi: Onların təhlükəsizliyi və insan haqları məsələsində Azərbaycan hər cür zəmanəti verir. Əlbəttə, Azərbaycan vətəndaşları kimi onların maddi durumu, rifahı, yaşamı indikindən qat-qat yaxşı olacaq”.