“2020-ci ilin noyabr ayından bu ilin oktyabr ayına qədər işğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənmiş yerlərin ümumi sahəsi 56 573 hektar təşkil edir”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu gün Ombudsmanın Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında panel müzakirələri zaman deyib.
O bildirib ki, cari il üzrə 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur:
“Hazırda sözügedən ərazilərin 36 min hektara qədəri təmizlənib və ilin sonuna qədər nəzərdə tutulan ərazinin təmizlənməsi tam başa çatdırılacaq”.
V.Süleymanov vurğulayıb ki, minalardan təmizləmə üzrə illik planın 65 min hektara qədər artırılması nəzərdə tutulur: “Ermənistan işğalından azad edilmiş ərazilərdə yenidənqurma prosesi kimi minatəmizləmə işləri də sürətlə aparılır”.