Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilanda Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak ediblər.
Teleqraf.com xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma stansiya barədə məlumat verib.
Bildirildi ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində keyfiyyətli ekoloji mühitin yaradılması və enerjidən səmərəli istifadə edilməsi üçün dayanıqlı enerji mənbələrinə üstünlük verilib.
Bu baxımdan, kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Almaniyanın “Rehart GmbH” şirkəti tərəfindən istehsal olunan və hər biri 212 kilovat olmaqla 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir.
Arximed qurğusunun digər enerji istehsal sistemləri ilə müqayisədə ən böyük üstünlüyü ondan ibarətdir ki, təzyiqsiz sudan enerji istehsal edə bilir, asan quraşdırılır və iqtisadi baxımdan sərfəlidir.
Prezident İlham Əliyev Stansiyanı işə salıb.
Diqqətə çatdırıldı ki, balıqların Arximed turbinlərinin içindən keçə bilməsi və elektrik enerjisinin balıq ölümünə səbəb olmadan istehsal edilməsi ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir.
Qeyd edək ki, Arximed turbinlərinin istismar müddəti 50-60 il proqnozlaşdırılır.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonunda Arximed turbini tipli Su Elektrik Stansiyasını işə salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonunda olublar.