Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə dövlət büdcəsinin müzakirəsi zamanı “Qarabağın statusu” cəfəngiyyatını yenidən gündəmə gətirib.
Teleqraf.com xəbər verir ki, bu separatçı məsələ ilə əlaqədar o, Qərb və Rusiyanın öz yanaşmalarının olduğunu söyləyib.
“Məlumdur ki, bir Rusiyanın təklifi və ya konsepsiyası, bir də qeyri-rus konsepsiyası var. Ermənistan hökumətinin addımlarının Rusiya konsepsiyası ilə ziddiyyət təşkil etdiyi təəssüratı yaratmağa cəhd edilib. Təbii ki, belə deyil. Rusiyalı həmkarlarımızın fikrincə, düzgün yanaşma “Qarabağın statusu” məsələsini qeyri-müəyyən müddətə təxirə salmaq olardı. Bu onunla əsaslandırılır ki, hazırda hər iki tərəf üçün məqbul olacaq “status” tapmaq üçün obyektiv imkan yoxdur, təklifin mənası “status məsələsi”ni təxirə salmaqdır”, - Paşinyan bildirib.
Baş nazir Ermənistan hökumətinin siyasətinin “bu baxış”a nə dərəcədə uyğun olub-olmaması məsələsinə toxunub:
“Deməliyəm ki, bu, tam və yüz faiz uyğun gəlir. Məsələnin üç komponenti var: təhlükəsizlik, Qarabağ ermənilərinin hüquqları və statusu. Rusiyalı həmkarlarımızla razılaşdıq ki, indi bu mövzunu həll etməyə cəhd göstərməyə dəyməz, çünki bu, qaçılmaz gərginliyə gətirib çıxaracaq”.
Azərbaycan və Rusiya liderlərinin iştirakı ilə qəbul edilmiş Soçi üçtərəfli bəyannaməsinə toxunan Paşinyan vurğulayıb ki, Ermənistan tərəfi son ana qədər Rusiyanın təkliflərinə istinad etməkdə israr edib:
“Rusiyadakı həmkarlarımızın təkidi ilə daha çevik olmağa və vəziyyəti dalana salmamağa çalışdıq”.