“Vardanyan gecələr Qarabağdan yük maşınları ilə qızıl daşıyır”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
Ekspert erməni iş adamı Ruben Vardanyanın Azərbaycan ərazilərindəki separatçı və oğurluq fəaliyyətlərinə diqqət çəkib:
“Qarabağda gərginlik artır. Ruben Vardanyan Qarabağın erməni icmasına başçılıq etməyə başlayan kimi dərhal buradakı qızıl mədənini istismar edərək pul qazanmağa başladı, təbii ki, Azərbaycan bundan narazıdır. BMT və Rusiya bunu Azərbaycanın mülkü hesab edir. Vardanyan gecələr yük maşınları ilə filiz daşıyır. Təbii ki, bu biznes üçün çoxdan İsveçrədə hansısa firma vasitəsilə qeydiyyatdan keçmişdi. Amma hamıya bəllidir ki, Vardanyan indi orada həm bunu, həm də digər prosesə (separatizmə) rəhbərlik edir.
Bu fonda Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağdan Ermənistana gedən yolu bağlayıb, yük maşınları ilə məhz həmin yol vasitəsilə filiz daşınır. Həmin yoldan Vardanyanın varlanması üçün filiz daşıyan yük maşınlarından başqa, ermənilər də gediş-gəliş üçün istifadə edirlər.
Böhran yaranıb. Rusiya sülhməramlılarının rəhbəri işə qarışmalı oldu, gərginlik səngidi. Amma vəziyyət belə davam edərsə, növbəti böhran sürətlə təkrarlanacaq”.