16 Dekabr 2022 14:52
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonundakı "Xaçınçay" su anbarında təmir-bərpa işlərinin gələn ilin oktyabr ayında başa çatdırılması nəzərdə tutulur. Düşünürük ki, suyun yığılmasını təmin etməklə 2024-cü ilin payız suvurmasını bununla həyata keçirək.

Teleqraf.com xəbərlər verir ki, bunu "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov anbara təşkil olunmuş mediaturda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda iki növbəli iş rejimi tətbiq olunur:

"Xaçınçay su anbarı 1964-cü ildə tikilib. Çay Azərbaycan ərazisində formalaşır, təqribən dəniz səviyyəsindən 1800 metr hündürlükdən mənbəyini götürür. Xaçınçayın mənbəyi qrunt, yeraltı və yağış sularıdır. Xaçınçay su anbarı tikilməklə Ağdam rayonunun 7 min hektar əkin sahəsi suvarma ilə təmin edilib".

Rafiq Aslanov qeyd edib ki, Xaçınçay su anbarının ərazisi işğaldan azad olunandan sonra 2020-ci ildə prezident tərəfindən Dövlət Su Komissiyası yaradılıb:

"Komissiyanın sədri və üzvləri dəfələrlə bu ərazidə olublar. Yerində tanış olanda elə bərbad vəziyyətdə idi ki, demək olar tamamilə dağıdılmışdı. Eyni zamanda bənd də qəzalı vəziyyətdə idi. Bununla bağlı komissiya iclaslar keçirdi və orada təcili tədbirlər görülməsi tapşırıldı. İlk növbədə ərazi minadan təmizləndi, sonra isə iqtisadi-texniki əsaslandırma və layihə smeta sənədlərinin hazırlanması tapşırıldı və dərhal bununla bağlı müsabiqə elan olundu. Müsabiqənin qalibi "Körpü Bina Tikinti" şirkəti 2 ay öncə işə başladı".

"Təkcə bəndin yamacının beton hissəsi 80 min kvadratmetr yaxın aşınmışdı. Aşınan hissəsi sökülüb çıxarılıb. 80 faizə qədər hissədə bərpa işləri tamamlanıb. 20-30 sm qalınlığında beton vurulur. Yamacda görülən işlərlə yanaşı suqəbuledici qurğular çox pis vəziyyətə düşmüşdü, mənfur qonşular tərəfindən qapıları sökülüb aparılmışdı. Qapıların, estakadanın bərpası, su qəbuledici qurğunun bərpası paralalel həyata keçirilir. Digər tərəfdən bəndin qəza sutullayıcısında bərpası aparılır. Bununla yanaşı magistral kanalın 7 km hissəsində suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetrdir. Burada betonlama işlərinə başlanılıb", - o vurğulayıb.


Müəllif: Pərviz Qaralov

Oxşar xəbərlər