5 Aprel 2023 13:30
2 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlı kontingenti tərəfindən erməni millətindən olan vətəndaşların Xankəndiyə çatdırılması üçün Laçın-Xankəndi yolu ilə razılaşdırılmamış keçidin həyata keçirilməsinə cəhd – onların azərbaycanlı ekofəalların aksiya keçirdiyi ərazidə ləngiməsinə və bir neçə vətəndaşın səhhətinin pisləşməsinə səbəb olub – birmənalı olaraq təxribat kimi qiymətləndirilməlidir. Üstəlik, Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən təxribatı kimi.

Teleqraf.com “Report”a istinadla xəbər verir ki, ötən gecə erməni millətindən olan vətəndaşları Xankəndiyə aparan Rusiya sülhməramlı kontingentinin yük maşınları əvvəlcədən razılaşdırılmadan aksiyanın keçirildiyi əraziyə gəlib.

Yük maşınlarında Ermənistandan gələn 27 vətəndaş var idi. Onların arasında təkcə qadınlar, qocalar və uşaqlar deyil, həm də çağırış yaşına çatmış kişilər də olub. Vəziyyətin aydınlaşdırılmasının gecikməsi nəticəsində (bir neçə saat ərzində ekofəalların aksiyası keçirilən yerdə danışıqlar aparılıb) bəzi sərnişinlər özlərini pis hiss ediblər.

Onlara dərhal tibbi yardım göstərilib. Daha sonra onlar Azərbaycanın təcili tibbi yardım avtomobilləri ilə Xankəndidəki xəstəxanaya aparılıb.

Amma əvvəlcədən yazılmış ssenariyə əsasən, iki qadın avtomobildən düşüb və rusiyalı hərbçilərin əhatəsində onlarla “təsadüfən” səyahət edən jurnalistə müsahibələr verməyə başlayıblar.

Lakin bunun hansı məqsədlə həyata keçirildiyi məlumdur: bədbəxt qadın və uşaqları öz evlərinə getməyə və ya qohumlarını ziyarət etməyə buraxmadıqlarına görə Azərbaycan tərəfini hansısa addımlar atmağa təhrik etmək. Bundan başqa, bütün lazımi avadanlıqlarla təchiz olunan jurnalistlər ağlayan uşaqların, fəryad edən qadınların “danışan kadrları”nı çəkiblər...

Bütün bunlara baxmayaraq, onların istəyi baş tutmayıb, Azərbaycan tərəfi təmkinli davranıb və təxribata uymayıb. Lakin bu da erməni tərəfini saxta məlumatlar yaymaqdan çəkindirmir. Məsələn, onlar belə bir xəbər yayıblar ki, guya azərbaycanlıların avtomobillərdən birinə daxil olması ilə bağlı məlumatları var.

Özünü pis hiss edən erməni qadını Xankəndinə çatdıran Azərbaycanın təcili yardım avtomobilləri ilə bağlı görüntülər tamamilə əks-effekt verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər