Bu ilin I rübündə Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 1 067 milyon manat vəsait yönəldib.
Teleqraf.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulmuş 3 000 milyon manat vəsaitin 35,5 %-i deməkdir. Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub.
Rüblük xərcləmələrin 1 042,5 milyon manatı avtomobil yollarının layihələndirilməsi və tikilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, 13 milyon manatı işğaldan azad olunmuş ərazilərdə suvarma sistemlərinin yaradılması məqsədilə “Azərbaycan Meliorasiya və Su Təsərüffatı” ASC-nin, 6 milyon manatı işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məqsədilə Minatəmizləmə Agentliyinin, 5,5 milyon manatı isə digər zəruri infrastrukturun yaradılması məqsədilə müvafiq icraçıların payına düşüb.
Hesabat dövründə sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin (2 650,4 milyon manat) 10,2 %-i və yaxud 269,2 milyon manatı xərc edilib