“Sərkisyan və Köçəryan Qarabağ erməniləri adından danışıqlara başlayanda Ermənistan işğalçı kimi tanındı”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Aleksandrov Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində deyib.
Ekspert Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ məsələsindən yaxa qurtarmağa çalışdığını iddia edib.
Aleksandrov Ermənistan rəhbərliyinin Qarabağ separatçılarının “müstəqillik” istəklərini açıq müdafiə etməkdən çəkindiyini söyləyib:
“Əgər Ermənistan açıq şəkildə bunu müdafiə edərsə, bu, Azərbaycan ərazilərini ilhaq etmək cəhdi kimi qiymətləndiriləcək. Ermənistan artıq bir dəfə o tələyə düşüb, o zaman Qarabağ (separatçılar – red.) adından danışıqlar aparmağa məcbur olub. Hesab edirəm ki, bu, erməni diplomatiyasının ən böyük səhvi idi. Robert Köçəryan gələndə danışıqlarda həm onu, həm də Ermənistanı təmsil etməyə başladı və bundan yayınmaq mümkün olmadı. Azərbaycan da bunu gözləyirdi. Nəticədə dərhal Azərbaycan ərazisini işğal edən Ermənistanla danışıqlar apardığını açıqladı. Köçəryan və Sərkisyan həmin tələyə düşdü”.
Müsahibə ərzində ermənilərin Azərbaycana qarşı separatçı və işğalçı iddialarını dəstəkləyən Aleksandrov, eyni zamanda, Rusiyanın ölkəmiz əleyhinə imperialist hədəflərinin olduğuna da eyham vurub. Bunun tərkib hissəsi kimi, o, Azərbaycanın bu bölgəsinin gələcəkdə Rusiyaya birləşdirilə biləcəyini iddia edib.
“Belə bir variantı istisna etmirəm, çünki Gülüstan müqaviləsinə əsasən Qarabağ (Qarabağ Xanlığını nəzərdə tutur – red.) Rusiya İmperiyasının tərkibinə birinci daxil olub. Deməli, qarabağlılar (separatçılar) Rusiyaya birləşməklə bağlı qərar verə və xahiş edə bilərlər”, - ekspert bildirib.
Mixail Aleksandrov bu ilin yanvarında Azərbaycana qarşı təxribatçı fikirlərinə görə işlədiyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan (MDBMİ) qovulub. Ermənipərəst ekspert Rusiyanı Bakını bombalamağa çağırmışdı. Bundan sonra Azərbaycan Baş Prokurorluğu cinayət işi açaraq, Mixail Aleksandrov barəsində beynəlxalq axtarış elan edib.