Laçın rayonunda xidmət edən Azərbaycan Ordusunun polkovniki, Qarabağın general qubernatoru olmuş Xosrov bəy Sultanovun qardaşı nəvəsi Elçin Kamal oğlu Paşayev Prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət yayıb.
Teleqraf.com müraciətin mətnini təqdim edir:
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Siz müzəffər sərkərdəlik məharətinizlə, cəsarətinizlə, müdrik düşüncəniz və bənzəri olmayan rəhbərlik bacarığınızla soydaşlarımızın 30 ildən çox davam edən əzablı ayrılığına həmişəlik son qoydunuz. Qarabağı işğaldan azad edərək tariximizin qızıl səhifəsini yazdınız. İşğaldan azad olunmuş ərazilərimizdə Azərbaycanın Üçrəngli Bayrağını ucaltmaqla Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bütün dünyaya bəyan etdiniz.
Qısa müddətdə Ermənistanın məğlubedilməzlik mifinin dağıdılması və işğalçı ölkənin kapitulyasiyaya məcbur edilməsi Sizin gələcəyə hesablanmış uzaqgörən, müdrik siyasətinizin, mükəmməl ordu quruculuğu proqramınızın və iqtisadi imkanları düzgün səfərbər etməyinizin nəticəsində şərtləndirildi. Ermənistanı kapitulyasiyaya məcbur etməklə düşmən tapdağı altında olan Ağdam və Kəlbəcər kimi, Laçın rayonunun ərazilərini də qan tökülmədən işğaldan azad etdiniz. Hələ 44 günlük Vətən müharibəsi gedişində işğaldan azad olunan ərazilərimiz sırasında Laçın rayonunun da adının olması bütün laçınlılara, ümumilikdə ölkə ictimaiyyətinə və xüsusilə bizə – Xosrov bəyin ailə üzvlərinə hədsiz sevinc bəxş etmişdi.
28 illik həsrətdən sonra Ordumuzun işğaldan azad edilmiş Laçın rayonunun ərazisinə daxil olması bizim həyatımızda ən xoşbəxt, ən qürurlu və sözlə ifadə edilməsi mümkün olmayan sevincli bir gün olmuşdu. Bu günü Laçın sakinlərinə, Xosrov və Sultan bəy qardaşlarının ailəsinə yaşatdığınıza görə Sizə minnətdarıq.
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
İşğaldan azad olunmuş Qarabağ, o cümlədən Laçın rayonunda Sizin rəhbərliyiniz altında böyük quruculuq işləri gedir. Yollar çəkilir, evlər tikilir, küçə və parklar salınır, elektrik stansiyaları qurulur və rayonun ərazisində hava limanı inşa edilir. Zabux kəndində möhtəşəm tikinti işləri aparılır, evlər tikilir. Laçın artıq öz sakinlərini qarşılamağa hazır vəziyyətə gətirilmişdir.
Möhtərəm cənab Prezident, biz bu işlərin gedişi şəraitində, may ayının 27-28-dən etibarən tarixi və xoşbəxt anlar yaşayırıq. İyirmi ailənin Laçına köçürülməsi, bu bayram günündə Laçında olmağınız və sakinlərə evlərin açarlarını şəxsən təqdim etməyiniz hər bir laçınlıya sevinc bəxş etmişdir.
Bunlarla birlikdə, Qarabağın general qubernatoru olmuş babam Xosrov bəy Sultanovun adına küçə verilməsi və lövhənin Sizin tərəfinizdən açılması Xosrov bəyin ruhunu şad etmişdir. Buna görə də Sizə ailəmiz və qohumlarımız adından sonsuz minnətdarlığımı bildirirəm. Azərbaycan tarixinə qızıl hərflərlə yazdığınız 2020-ci il 1 dekabr, 2022-ci il 26 avqust, 2023-cü il 23 aprel və 27-28 may tarixləri biz laçınlılar üçün sevinclə dolu, böyük tarixi günlərdir, unudulmazdır. Biz laçınlılara qələbə və zəfər sevincini yaşadan Müzəffər Ali Baş Komandanımıza, qəhrəman Ordumuza minnətdarlığımı bildirir, laçınımızı öz qanı bahasına bizə qaytaran şəhidlərimizə Allahdan rəhmət və yaralılara şəfa diləyirəm.
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Siz Ulu Öndərin vəsiyyətini yerinə yetirərək bizi indi öz doğma ata-baba yurdumuza, Laçınımıza qaytarırsınız. Laçın sakinlərinin Sizə olan məhəbbətini, ehtiramını və minnətdarlığını ifadə etməyə sözün gücü çatmır. Bu qayıdışla biz təkcə amansız ayrılığa son qoymuruq, həm də öz yurdumuzu yenidən Sizin rəhbərliyinizlə və qayğınız sayəsində qurmaq imkanı qazanmışıq.
Biz laçınlılar hər zaman Sizinlə olmuşuq və bundan sonra da Sizinləyik. Azərbaycanı xoşbəxt gələcəyə aparan siyasətinizi dəstəkləyənlərin ön cərgəsindəyik. Bizə bu sevincli və qürurverici günləri yaşatdığınıza görə bir daha Sizə Xosrov bəy Sultanovlar ailəsi, qohumları adından və bir əsgəriniz olaraq şəxsən öz adımdan sonsuz minnətdarlığımı bildirirəm.