“Vaşinqtondakı müzakirələrə gəldikdə, danışıqların nəticəsiz qalması üçün üç qüvvə - Kreml, erməni separatçıları və “Daşnaksütun” Partiyasının simasında radikal müxalifət birləşiblər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Eksert Ermənistanla Azərbaycan arasındakı son gəlişmələrə diqqət çəkib:
“ABŞ dövlət katibi Entoni Blinkenin vasitəsçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Vaşinqtonda görüşə başladığı günü Qarabağda separatçıların Azərbaycan hərbçilərinə atəş açması təsadüfi deyil. Böyük ehtimalla, Kreml Vaşinqton görüşünü pozmaq üçün separatçılara “atəş açın” əmrini verib. Bu əmri yerinə yetirənlər ağır zərbə alıblar, 4 separatçı öldürülüb. Bu olay erməni separatçılarının qısa müddətdə tərksilah olunmasını aktuallaşdırır.
Vaşinqtondakı müzakirələrə gəldikdə, danışıqların nəticəsiz qalması üçün üç qüvvə - Kreml, erməni separatçıları və “Daşnaksütun” Partiyasının simasında radikal müxalifət (İrəvanda səfirliklər qarşısında etirazlara start veriblər) birləşiblər.
Ermənistan Baş naziri Nikol Paşinyan yenə yarı yoldan qayıdacaq, yoxsa “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” açıqlamasını sənəddə rəsmiləşdirəcək? Bunu Vaşinqton görüşünün nəticələri göstərəcək. Ararat Mirzoyan Vaşinqtonda Paşinyandan telefonla alacağı son təlimatı əsasında hərəkət edəcək”.