Fransa müqavilənin imzalanmasına az qalmış Ermənistana silah satmaqla Azərbaycanı təxribata çəkir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri Ceyms Uorlik bildirib.
Onun sözlərinə görə, Ermənistanın özünü müdafiə etmək, Fransadan və ya başqa ölkələrdən silah almaq hüququ var, lakin sülh müqaviləsi imzalamağa yaxın olduğumuz üçün Parisin bu addımı Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə yeni təxribatçı elementdir.
Uorlik hesab edir ki, Fransa Ermənistanla silah tədarükü ilə bağlı müqaviləni Azərbaycanla sülh sazişi imzalandıqdan sonra bağlamalı idi.
“Ermənistanın müdafiə olunmaq hüququ var, ordusu olacaq, onu ləğv etməyəcək, sərhədlərini istənilən xarici təhlükələrdən qoruyacaq, lakin təəssüf ki, sülh sazişinə yaxınlaşdıqca belə bir addım çaşqınlıq yaradır və danışıqları daha da çətinləşdirir”, - Uorlik bildirib.