1 Mart 2018 18:08
2 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin əlilliyi olan aktyorlardan ibarət ilk və tək inklüziv teatrı olan “ƏSA” uzun zamandır gözlənilən “Adamlar və siçanlar-2” tamaşasının nümayiş etdirdi.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında səhnələşdirilən tamaşaya maraq da böyük idi.

Zalda boş yer tapmaq olmazdı. Elə tamaşaçıların əksəriyyəti də müasir gənclər idi.

Həmçinin tamaşa zamanı nitq məhdudiyyətli tamaşaçılar üçün işarət dili ilə sinxron tərcümənin olması da ölkəmiz üçün ilk oldu. Fiziki məhdudiyyətli şəxslər sadəcə səhnədə rolları ifa etmir, həm də tamaşaçılar arasındaydılar. Yəni, “ƏSA” bizim aramızdakı bütün sərhədləri aradan qaldırmışdı.

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Riad Sultanov, Sənan Fərzəliyev, İmran Lalayev, Günay Məmmədova, Fərid Ə Əlıyev, Asim Səfərov və Patti Smith canlandırırdı.

Tamaşa boyu aktyorların peşəkarlığı ilə yanaşı, səmimilikləri də diqqət çəkirdi. Səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır. İlk nümayişdən sonra rəğbətlə qarşılanan tamaşa, bu dəfə tamaşaçıların görüşünə fərqli quruluşda gəldi.

Müəllif Con Steybeyk ucaboy, yekəpər, bir az da ağıldankəm olan baş obraz Lenni ilə bizə nə demək istəyib? Tamaşanın rejissoru bu salın cavabını tapmaqda bizə yardımçı oldu.

Yekəpər Lenni siçanları çox sevirdi, sığallayanda iri əlləri ilə istəmədən onları öldürürdü. Bunun üçün də o, qərar verir ki, siçanlardan daha böyük olan dovşan saxlasın.

Yazıçı bu obrazla iki fikir çatdırır. Kortəbii sevgi ziyanlıdır. Böyük insanların sevgisi kiçik insanlara ağır gəlir. Tamaşa boyu bu iki fikir arasında gəl-get edirsən.

Bu tamaşa mədəniyyət və incəsənətin insanlar arasındakı sərhədləri, maneələri çox asanlıqla aradan qaldıra biləcəyini bir daha sübut edir. Aktyorlu, tamaşaçılı hər kəs bir bütün idi. Biri digərinin ayaqlarına, o biri gözlərinə və ya qulaqlarına çevrilmişdi. Ən əsası isə bu bütünlükdə hamı məmnun görünürdü.

Tamaşadan sonra izləyicilər arasında olan məşhur və dəyərli aktyorumuz Fəxrəddin Manafov da bizimlə fikirlərini bölüşdü.

- Təəssüf hissi ilə deməliyəm ki, ilk dəfə idi “ƏSA” teatrının tamaşasını izləyirdim. Əminəm ki, tamaşanı izləyərkən keçirdiyim hisləri uzun müddət unutmayacam. Tamaşanı seyr etdikcə, hadisələr cərəyan etdikcə, aktyorları da diqqətlə izlədim. İstər-istəməz düşünürdüm ki, hazırda bu səhnədən, zaldan, teatrdan qıraqda sağ-salamat, əlləri-ayaqları olan gənclər çoxdur və çox heyf ki, onların arasında narkotikə, içkiyə, ya digər zərərli şeylərə qurşananlar var. Yekunda bir fikrə gəldim ki, bu böyük kainatda ən güclü dərrakəyə sahib varlıq insandır və ən vacibi odur ki, insan ağıldan, zəkadan qüsurlu olmasın. Məhdudiyyət əldə-ayaqda yox, ruhda olur. Bax bu gənclər, bu aktyorlar məni bu fikrə gətirdilər və bunun özü də çox böyük humanizmdir.

Teatrın rəhbəri Nihad Qulamzadə də bizimlə fikirlərini bölüşdü:

- Tamaşa gözlədiyim kimi alındı. Ancaq bəzi texniki qüsurlar var idi. Bu isə səhnə aldığımız teatrda yetərincə məşq etmə şansımızın olmaması ilə bağlıdır. Sadəcə bir gün bu səhnədə məşq edə bildik. Ümumilikdə isə hər şey gözəl oldu. Ən əsası aktyorlarımız rollarını ürəklə canlandırdılar.

- Teatrınızın inkişafı göz qabağındadır. Sizcə müəllif bu əsər ilə hansı mesajı vermək istəyirdi?

- Təşəkkür edirəm. Əsərə gəldikdə isə mövzu nə sosial, nə də siyasidir. Əsərin mövzusu çox bəşəridir və həmişə aktual olacaq. Con Steynbeyk bu əsərlə insanlara sevgi və dostluq hisslərini aşılamaq istəyib, həmçinin bu dünyada hər kəsin tənha olduğunu da göstərib.

Bəlkə də doğrudan bu dünyada hamı tənhadır, amma biz həmişə ƏSA-nın yanındayıq! Necə ki, o da bizim yanımızdadır. Bu Əngəlsiz, Sərhədsiz, Azad gənclər Azərbaycan teatrını büdrəməyə qoymayan “ƏSA” olacaq!

Qeyd edək ki, amerikalı yazıçı, Nobel və Pulitzer mükafatı laureatı Con Steynbekin “Siçanlar və adamlar" haqqında povesti əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və bəstəkarı Nihad Qulamzadə, rejissoru Elşən Əsgərov, baş prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, işıq rəssamı Bünyamin Sailov, konsertmeysteri Fidan Babayeva və Elçin Hətəmli, qrafik dizayneri Tural Əlisoy, multimedia tərtibatıçısı Eltaj Zeynalov, surdo (işarət dili) tərcüməçisi isə Nuranə Abıyevadır.


Müəllif: Foto: Elnur Muxtar, Ulucay Akif