5 May 2017 21:39
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 5-də Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşü olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva görüşdə çıxış edib:

- Zati-aliləri.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar, əziz dostlar.

Əvvəlcə, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli toplantısında sizi salamlamaq istərdim.

Mən, həmçinin bu cür mühüm tədbirin ilk dəfə təşkilində Forum tərəfdaşlarımızın verdiyi çox fəal dəstəyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Bu tədbirin sessiyalarından mövzulara keçməzdən əvvəl ölkəmiz haqqında bir neçə söz söyləmək istərdim.

Azərbaycan dünyanın coğrafi və mədəni müxtəlifliyinin qovuşduğu nadir ölkələrdən biridir. Azərbaycanın paytaxtı Bakı Şərq ilə Qərbin, eləcə də müasir və tarixi dövrlərin harmonik birləşməsidir.

Öz tarixi boyu Azərbaycan qarşılıqlı əməkdaşlıq və dostluq şəraitində yaşayan müxtəlif mənşəyi və dini olan fərqli icmaların və millətlərin yaşadıqları məkan olub. Şərqin Qapısı kimi tanınan, müxtəlif mədəniyyət və sivilizasiyaların, Şərq ilə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşən və nəhayət, həm İslam, həm Avropa təşkilatlarının üzvü olan Azərbaycan çoxsaylı sivilizasiyaların dəyərlərini özündə birləşdirir.

Azərbaycanda yaşayan müxtəlif xalqların ölkəmizin ictimai və siyasi həyatında oynadıqları mühüm rol ilə bərabər, biz onlar tərəfindən öz etnik dəyələrini, dinlərini və ənənələrini tam şəkildə necə qoruyub saxladıqlarını aydın şəkildə görürük. Azərbaycanda etnik və dini tolerantlıqla yanaşı, milli və mədəni müxtəliflik ab-havası ölkəmizi bir çox millətlərin və dinlərin olduğu məkana, o cümlədən qlobal səviyyədə mədəniyyətlərarası dialoq platformasına çevirib.

Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla məhsuldar və səmərəli əməkdaşlıq tarixi var. Biz beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın artan rolunu ön plana çəkən bu cür ilk toplantını keçiririk.

Beynəlxalq təşkilatların birinci yüksək səviyyəli toplantısı Azərbaycan hökuməti, Avropa Şurası, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatı və FAO ilə tərəfdaşlığı əsasında təşkil olunur. Həmin təşkilatların fəal üzvü olan Azərbaycan bir sıra mühüm beynəlxalq tədbirlər keçirib.

Azərbaycan nadir ölkələrdən biridir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Fərəhlənirik ki, həmin iki aparıcı beynəlxalq təşkilat arasında fəal əməkdaşlıq 2008-ci ildə “Bakı prosesi” ilə başladı. Bu gün “Bakı prosesi” olduqca mühüm və nadir beynəlxalq təşəbbüsdür.

Böyük rəmzi mənası var ki, Bakı 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edib və gələn həftə isə IV İslam Həmrəyliyi Oyunları başlayacaq. Hər iki tədbir nəticəsində Bakıya 100-dən artıq ölkənin nümayəndələri gəlib və gələcəklər. Biz bunu “Bakı prosesi”nin bir hissəsi hesab edirik. Millətləri və dinləri bir-birinə daha yaxın edən mühüm siyasi təşəbbüslərdən başqa, Azərbaycan dünyanın müxtəlif yerlərində müxtəlif humanitar və xeyriyyə layihələri həyata keçirib. İcazə verin, onlardan bəzilərini qeyd edim:

-Pakistanın Müzəffərabad regionunda 2005-ci ildə zəlzələ nəticəsində dağılmış qızlar üçün məktəbin yenidən tikilməsi;

-Romada qədim Marçellinio və Pietro katakombalarının bərpası;

-Versal Sarayının parkında tarixi abidələrin bərpası;

-Bosniya və Herseqovina, Gürcüstan, Macarıstan, Rumıniya, Rusiya və Serbiyanın bir sıra şəhərlərində məktəblərin, məscid və kilsələrin, reabilitasiya mərkəzlərinin, tibb ocaqların və istirahət parklarının tikintisi;

-Fransanın Aşağı Normandiya regionunda 20-yə yaxın yerli kilsənin, Strasburq Soborunda şüşə vitrajların bərpası;

-Vatikanın Apostol Kitabxanasında qədim əlyazmaların bərpası və rəqəmsal formata salınması, Vatikan muzeylərində bir sıra abidələrin bərpası;

-Luvr muzeyində İslam incəsənəti şöbəsinin yaradılmasında iştirak;

-Bolqarıstanın Veliko Tırnovo şəhərində Trapezitsa Memarlıq Muzeyi Qoruğunun bərpası;

-Almaniyanın Berlin kiləsinin bərpasında iştirak;

-İtaliyada, Romada Kapitoli Muzeyində filosoflar zalının bərpası.

Bu misallar mədəniyyətlərarası dialoqun potensialına və mövcudluğuna olan güclü inamımızı aydın şəkildə göstərir. Qlobal mədəni irsin qorunmasına verdiyimiz töhfə Azərbaycanın multikulturalizm dəyərlərinə birmənalı bağlılığını nümayiş etdirir.

Əziz dostlar, bu gün dünya qarşılıqlı anlaşma əsasında sivilizasiyaların dəyərlərinin qorunmasına və təşviq olunmasına ciddi ehtiyac duyur. Bu proses çərçivəsində hökumətlərin, siyasətçilərin, beynəlxalq təşkilatların və medianın üzərinə böyük məsuliyyət düşür. Bu proses hazırda hələ də böyük çağırışlarla üzləşir.

Dünyada milyonlarla insan hələ də yoxsulluqdan, aclıqdan, sosial bərabərsizlikdən, sağlamlığa təhdidlərdən əziyyət çəkir. Digərləri isə təbii və antropogen fəlakətlərdən, zorakı ekstremizmdən, terrorçuluqdan və humanitar böhranlardan əziyyət çəkirlər.

Biz praktiki olaraq söyləyə bilərik ki, bəzi hallarda beynəlxalq hüquqa riayət edilmir və ya onun normaları ikili standartlar nəticəsində pozulur. Əslində insan həyatına aid məsələlər və hər kəsin təhlükəsiz həyata hüququ ən ali prinsiplərdən biridir və qorunmalıdır. Bu baxımdan mədəniyyətlərarası, dinlərarası dialoq və əməkdaşlıq anlaşma və hörmət prinsipləri ilə birgə cəmiyyətin inkişafının mərkəzində dayanır.

Məqsədlərimizə nail olmaq üçün bəşəriyyət millətlər arasında qarşılıqlı əlaqəni quraraq, daha güclü münasibətləri yaradaraq ekstremizm və ksenofobiya kimi maneələri aradan qaldırmalıdır. Biz beynəlxalq təşkilatların, maliyyə və iqtisadi təsisatların göstərdikləri yardımı yüksək dəyərləndiririk və etiraf edirik ki, bu, həmin prosesin ayrılmaz hissəsidir.

Yüksək səviyyəli bu toplantının keçirilməsində məqsəd dünyanın siyasi, iqtisadi, mədəni, sosial, maliyyə və digər beynəlxalq təşkilatlarının insanların təhlükəsizliyi, davamlı inkişafı və inklüziv cəmiyyətlə bağlı məsələləri müzakirə etməkdən ibarətdir. Biz, həmçinin çalışırıq birgə tədbirlər görək ki, mədəniyyətlər və sivilizasiyalar arasındakı gərginliklər aradan qalxsın. Çünki onlar bəzi hallarda dini, mədəni və sosial məhdudiyyətlər yaradır. Bu təşəbbüs resursları səfərbərliyə almaq, o cümlədən dünyanı daha təhlükəsiz etmək üçün birgə səylərin göstərilməsində əlavə platforma olacaq. Ona görə, beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə birinci yüksək səviyyəli toplantının keçirilməsi mədəniyyətlərarası anlaşmanı, tolerantlığı, qarşılıqlı hörməti, qlobal vətəndaşlıq etikasını, müştərək məsuliyyətimizi təmin edəcək.

Bizim hamımız dünyada mədəni müxtəlifliyi tanıyırıq. Bütün mədəniyyətlərə və sivilizasiyalara gəldikdə, onlar davamlı inkişafa töhfə verməlidir. Bütün bu işlərin həll olunması asan deyil. Bizim hamımızın müxtəlif mədəni mənşəyi var. Biz hesab edirik və ən azı etiraf etməliyik ki, müxtəlif perspektivlər mövcuddur və onlar açıq qalır.

Yekun olaraq, əlbəttə, qeyd edirik ki, dialoq dərhal razılaşma, sadə anlaşma və yaxud başqa məsələlərin həlli demək deyil. Çünki bu, müxtəlif ideyalar və stereotiplər arasında olan boşluğun aradan qaldırılmasına göstərilən cəhddir. Bu, təbii ki, münaqişədən daha yaxşıdır. Mən sizə maraqlı diskussiyalar arzulayıram. Hesab edirəm ki, bizim məramımız bununla daha da güclənəcək. Biz dialoqu davam etdirəcəyik və bir çox çağırışları aradan qaldırmağa nail olacağıq. Çox sağ olun, Bakıya gəldiyinizə görə sizə təşəkkür edirəm. Diqqətinizə görə minnətdaram.

x x x

Sonra beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşü işini sessiyalarla davam etdirib.

“İnsanların təhlükəsizliyi üzrə müştərək məsuliyyət: Davamlı inkişaf üzrə dayanıqlı və inklüziv cəmiyyətlərin qurulması” mövzusunda birinci sessiya mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin moderatorluğu ilə keçirilib.

Sessiyada BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, UNESCO-nun baş direktoru İrina Bokova, BMT Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, NATO-nun İctimai Diplomatiya üzrə baş katibinin müavini Tacan İldem, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) kabinet rəhbəri Mario Lubetkin çıxış ediblər.

Daha sonra “İqtisadi, maliyyə institutları və inkişaf agentlikləri arasında 2030-cu il gündəliyinə doğru mədəniyyətlərarası dialoq üçün qarşılıqlı əməkdaşlığın qurulması: problemlər və imkanlar” mövzusunda keçirilən ikinci sessiyada da maraqlı çıxışlar dinlənilib.


Müəllif:

Oxşar xəbərlər