8 May 2017 14:57
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Dünya müharibəsində faşizm üzərində qələbədən 72 il keçir. Müharibədə 50-dən çox dövlət antifaşist koalisiyasında birləşərək dünyanı faşizm təhlükəsindən xilas edib. Müharibədə qələbənin qazanılmasına Azərbaycan xalqı da böyük töhfələr verib. 640 min nəfərdən artıq Azərbaycan vətəndaşı cəbhəyə yollanıb, onların 300 min nəfərdən çoxu döyüşlərdə həlak olub. Cəbhədə yaralanmış 440 min nəfərdən çox insan ölkə hospitallarında müalicə olunub. Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilib.

Teleqraf.com xəbər verir ki, bunu yaydığı açıqlamada Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, cəbhənin tələb etdiyi bütün benzinin 80, sürtgü yağlarının 90 faizini Azərbaycan təmin edib: “1940-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşüb. Yusuf Məmmədəliyev başda olmaqla, kimyaçı alimlər müharibə illərində 38 növ sürtkü yağı, 9 adda təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişdilər.

Faşizm üzərində qələbənin əldə edilməsinə öz töhfələrini vermiş Azərbaycanı da hal-hazırda baş qaldıran faşizmin qəhrəmanlaşdırılması, irqçilik, ksenofobiya və şovinizm kimi meyllər ciddi surətdə narahat edir. Azərbaycan bu xüsusda BMT Baş Assambleyası tərəfindən illik əsasda qəbul olunan “Nazismin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə" adlı qətnaməyə həmmüəllif kimi qoşulur və onu dəstəkləyir. Sonuncu belə qətnamə BMT Baş Assambleyasını əsasda 19 dekabr 2016-ci ildə qəbul edilib. Qətnamədə tələb olunur ki, irqi üstünlük və ya nifrət, eləcə də irqi ayrı-seçkiliyin təhrikinə əsaslanan fikirlərin yayılması, onların maliyyələşdirilməsi, irqçi fəaliyyətə və zorakılıq aktlarına hər hansı bir yardım göstərilməsi halları qanunla cəzalandırılmalıdır”.

XİN-in sözçüsü bildirib ki, Ermənistan Respublikası qətnamənin lehinə səs versə də, əslində isə nasizmin təbliği və faşizmin qəhrəmanlaşdırılması bu ölkədə dövlət siyasətinə çevrilib: “Belə ki, faşist Almaniyasının SS generalı Njde Qaregin və "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayanın "milli qəhrəman" kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir. Njde Qaregin və Drastamat Kanayan II Dünya müharibəsində işğal olunmuş SSRİ ərazilərində yəhudilərə və digər millətlərə qarşı xüsusi amansızlıqla qırğınlar törədib. Həmçinin, Bolqarıstan və Rumıniyada erməni milliyyətçi təşkilatı olan "Tsexakron" üzvlərindən ibarət döyüşçü qruplar yaradılıb və bu təşkilat dünyadakı bütün erməniləri nasistlərlə əməkdaşlığa çağırıb.

Faşistlərin irqi ayrı-seçkilik, "Ari" irqi və anti-semitizm ideologiyasina sahib çıxaraq, Njde Gareginin formaşdırdığı irqçi təmayüllü şovinist erməni milli məfkurəsi bu gün Ermənistanın hakim Respublika partiyasının və nəticə etibarilə də Ermənistan hökumətinin ideoloji təmayülünü təşkil edir. Dəhşət doğuran hal odur ki, "Njdeizm" adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir. Dövlət başçısı Serj Sərkisyanın rəhbəri olduğu Ermənistan Respublikaçılar partiyası Njdeni özlərinin lideri, ideoloji öndəri sayır.

2004-ci ildə Ermənistanda, indi iqtidarda olan Respublikaçılar Partiyası tərəfindən çap edilmiş “Garegin Njdenin Təlimi” kitabı dövlət səviyyəsində Ermənistan diplomatik nümayəndəlikləri tərəfindən ölkə xaricində də təbliğ olunur. Ermənistan tərəfindən dövlət büdcəsi hesabına bir neçə milyon dollara “milli qəhrəman” Garegin Njde haqqında film çəkilib.

Ermənistanın faşizmin qəhrəmanlaşdırılması kimi əməlləri, o cümlədən 28 may 2016-cı il tarixində ölkə rəhbərliyinin iştirakı ilə Njde Qareginə İrəvanın mərkəzində böyük abidə qoyulması II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara hörmətsizliyin ifrat nümunəsidir.

Dünyanı faşizm təhlükəsindən xilas edən və bu yolda şəhid olan milyonlarla insanın ailə üzvlərinə, müharibə veteranı və əlillərinə, ümumilikdə beynəlxalq ictimaiyyətə üz tutaraq Ermənistanın bu kimi səylərinə qarşı səslərini ucaltmağa çağırırıq.

Bu kimi ədalətsizliklərə baxmayaraq, əminik ki, İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər