Bunu Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
F.Sadıqov bildirib ki, bu təşkilat nəinki Azərbaycan reallıqlarının Rusiya cəmiyyətində yayılması ilə məşğul idi, eyni zamanda Rusiyanın bir sıra siyasi, mədəni elita nümayəndələrinin də təşkilatla yaxınlığı var: "Onlar bütün tədbirlərdə iştirak edir və illər ərzində bu təşkilatla sıx bağlı idilər. Ona görə bu məsələdə erməni izini inkar etmək düzgün olmazdı. Çünki biz Rusiyada erməni amilinin son vaxtlar kifayət qədər gücləndiyini görürük. Bir sıra analitiklərin KİV-lərdə Azərbaycana və Türkiyəyə qarşı çıxışları göz önündədir. Əlbəttə, bu məsələnin pərdəarxası məqamları da var. Bir sıra dövlət strukturları da onlar üçün işləyirlər və görünür, müəyyən qərarlara da təsir göstərirlər. Amma mən istəməzdim ki, bu fakt Azərbaycan-Rusiya münasibətlərini tam mənada pozsun. Mən münasibətlərin tamam pozula biləcəyinə inanmıram. Amma hər halda Rusiyanın rəhbərliyi, yüksək səviyyəli rəsmiləri bu məsələyə aydınlıq gətirməlidirlər. Əgər onlar ÜAK-ın fəaliyyətində müəyyən qüsurların olduğunu düşünürlərsə, bunu açıq şəkildə deməlidirlər. Mənə elə gəlir ki, hələlik bu məsələdə nöqtə qoyulmayıb. Rusiya qanunvericiliyinə uyğun qaydada müvafiq məhkəmə instansiyalarına müraciət etmək, bu iradları çatdırmaq mümkündür".
Politoloq qeyd edib ki, lazım olarsa, ÜAK-ın adını dəyişməklə, nizamnaməsinə müəyyən dəyişiklik və əlavələr etməklə məsələni hazırkı kritik nöqtədən çıxarmaq olar: "Bəlkə də təşkilat başqa adla yenidən qeydiyyatdan keçə bilər. Yəni, bunun müxtəlif variantları var. Amma burda savadlı hüquqşünasların fəaliyyəti əsas olmalıdır. Onlar Azərbaycanın maraqlarına cavab verən qərarların qəbuluna nail olmalıdırlar. Mən ilk növbədə ÜAK-ın rəhbərliyini nəzərdə tuturam".
Müsahibimiz erməni amilinin bu məsələdə çox fəal olduğunu vurğulayıb. O qeyd edib ki, onların fəallığı müxtəlif KİV-lərdə, saytlarda gözə girir: "Bunların Azərbaycan əleyhinə çıxışları, mövqeləri, əlbəttə, Rusiya-Azərbaycan münasibətlərinin inkişafının onları qıcıqlandırdığını, narahat etdiyini göstərir. Mənə elə gəlir ki, bu vəziyyətin yaranmasında böyük rol oynayan məhz bu amildir".
Sözsüz ki, bu addımın atılması həm Rusiyadakı erməni lobbisinə diqqətin gücləndirilməsi, həm də Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, demək Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə düşür. Bu istiqamətdə də fikirlərini bölüşən F.Sadıqov Azərbaycanın onsuz da Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən narazı olduğunu deyib: "Həmsədrlərin, o cümlədən Rusiyanın biganəliyi, seyrçi mövqeyi uzun illərdir bizi qane etmir. Belə bir qərarın qəbulu hər halda Azərbaycan cəmiyyətində Rusiyanın vasitəçilik roluna müəyyən etimadsızlıq hisslərinin daha da dərinləşməsinə gətirib çıxara bilər. Bu, birmənalıdır. Onlar özləri bunu nəzərə alıb məsələni kritik nöqtədən geri qaytarmalıdırlar. Çünki, ÜAK-ın qeydiyyatının ləğvi ciddi məsələdir və biz uzun illərdir əməkdaşlıq edirik, əməkdaşlığı belə bir aşağı formata enməsi nə Rusiyanın, nə də Azərbaycanın maraqların cavab verir".
Səxavət HƏMİD