23 May 2017 09:07
1 721
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri adi səfər deyil. Nəzərə alın ki, 2011-ci ilin 11 sentyabrında ABŞ-a terror hücumundan sonra Səudiyyə Ərəbistanı vətəndaşları günahlandırıldı. Bundan sonra iki ölkənin münasibətlərində ciddi gərginlik yarandı. Sonda ABŞ-da terrora məruz qalan vətəndaşlara Ərəbistana qarşı məhkəmələrdə iddia qaldırmaq hüququ verən qanun qəbul edildi. Bu da münasibətlərin gərginləşməsində son damla oldu. İndi Yaxın və Orta Şərqdə baş verən proseslər yenidən Ərəbistan-ABŞ yaxınlaşmasını qaçılmaz edib.

Bunu Teleqraf.com-a ABŞ prezidenti Trampın Səudiyyə Ərəbistanına səfəri və əldə edilən razılaşmaları şərh edən politoloq Sülhəddin Əkbər deyib. S. Əkbər qeyd edib ki, İranın regionda nüfuzunun artması Səudiyyə Ərəbistanını ciddi narahat edir: "Konkret olaraq Suriyada, Yəməndə, İraqda və Bəhreyndə gedən proseslər, eyni zamanda Tehranın Səudiyyə daxilində aktiv iş aparması bu ölkəni ciddi narahat edir. Odur ki, Səudiyyə indi ABŞ-la münasibətləri yenidən yoluna qoymaq üçün variantlar axtarır".

Sülhəddin Əkbər bildirib ki, ABŞ prezidentinin səfəri zamanı iki ölkə arasında 350 milyard dollardan artıq dəyəri olan müqavilələr imzalanıb: "110 milyardlıq silah alınması da nəzərdə tutulub. Mənim fikrimcə, bu əslində Səudiyyə Ərəbistanının Amerikaya verdiyi qan puludur. Başqa sözlə, 2001-ci ilin 11 sentyabrında terrorçuların ABŞ-da öldürdüyü insanların qan puludur. Bundan sonra ABŞ-Səudiyyə münasibətlərində normallaşma prosesi müşahidə edəcəyik. Görünən odur ki, Tramp hakimiyyətinin İrana qarşı xüsusi planı var
və Səudiyyə Ərəbistanına bu planda mühüm yer ayrılıb".

Səfər zamanı Körfəz ölkələri ilə ABŞ arasında terrorun maliyyələşməsinin qarşısını almaq üçün birgə mərkəzin yaradılması haqda razılığa gəldikdə Sülhəddin Əkbər deyib ki, Tramp komandası ABŞ-Səudiyyə münasibətlərini normallaşdırdıqdan sonra Səudiyyə Ərəbistanı mərkəzli islam koalisiyası yaratmaq istəyir: "Fikir verin, səfər zamanı həm Amerika-İslam ölkələri zirvəsi, həm də Körfəz ölkələri ilə toplantı keçirilir. Burada başlıca məqsəd Səudiyyə liderliyində islam koalisiyası yaratmaqdır. Bu koalisiyada həm anti-İran, həm də antiterror mövqeyi iki dövləti yaxınlaşdırır".

Müsahibimiz qeyd edib ki, yaxın gələcəkdə İranla bağlı siyasət ortaya qoyulacaq: "Tramp hələ seçki kampaniyası zamanı İranla bağlı fikirlər deyib. Yəni öncədən bəlli idi ki, əgər Tramp prezident seçilərsə, onun məşğul olacağı əsas məsələlərdən biri İran məsələsi olacaq. Xatırladım ki, Səudiyyədə çıxışı zamanı dövlət katibi Tellerson bildirdi ki, İranın terrora verdiyi dəstək və raket sınaqları ilə bağlı fəaliyyətini dayandırağına ümid edir. Artıq açıq şəkildə görünür ki, Vaşinqton İranı iki məsələdə ittiham edəcək. Bunlardan biri İranın terrorizmə dəstək verməsi, digəri Tehranın uzaq mənzilli raket sınaqlarını həyata keçirməsidir. Məncə, yaxın gələcəkdə İrana qarşı əsasən bu ittihamlar irəli sürüləcək. Mümkündür ki, yeni sanksiyalar işə salınacaq. Məncə, bu uzaq gələcəkdə baş verməyəcək".


Müəllif: Cavad

Oxşar xəbərlər