18 İyul 2017 00:57
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Latviya ilə Azərbaycan arasındakı əməkdaşlıq bənzər talelər və hər iki xalqın sınaqdan keçdiyi çətin dönəmlər kimi tarixi bağlara əsaslanır. 1918-ci il Azərbaycan və Latviyanın müstəqilliyə qovuşduğu il olub. Gələn il biz hər iki ölkənin müstəqilliyinin 100 illiyini qeyd edəcəyik. O zaman Azərbaycan cəmi iki il müstəqil yaşayıb, lakin ölkəniz İslam dünyasının ilk parlamentli respublikası olub".

Teleqraf.com xəbər verir ki, bunu iyulun 17-də Riqada Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı Latviya Prezidenti Raymonds Veyonis bildirib.

"Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır. Latviya Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Bu səfər çərçivəsində Latviya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yaradılması haqqında Bəyannamənin imzalanmasını məmnunluqla qeyd edirik.

Əminəm ki, bizim müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində birgə marağımız var. Dövlət başçıları, parlament, hökumət, bələdiyyə və digər dövlət qurumları arasında sıx əməkdaşlıq qurulub. Parlamentlər arasında fəal əməkdaşlığı qeyd etmək, yerli hakimiyyət orqanları arasında artmaqda olan təmasları xüsusi vurğulamaq istərdim. Latviyanın və Azərbaycanın yerli hakimiyyət orqanları arasında 13 əməkdaşlıq sazişi imzalanıb.

Ümidvaram ki, sizin səfəriniz çərçivəsində təşkil olunmuş biznes forum və Hökumətlərarası Komissiyanın iyun ayında keçirilmiş iclası iqtisadi əməkdaşlığın və qarşılıqlı ticarətin artmasına səbəb olacaq yeni layihələrin yaranmasına xidmət edəcək".

Prezident qeyd edib ki, coğrafi məsafəyə baxmayaraq, Latviya və Azərbaycanın paytaxtlarını mövsümi uçuşlar birləşdirir və həmin uçuşların müntəzəm olması üçün potensial var. Latviya Azərbaycan ilə nəqliyyat sahəsində, xüsusilə də beynəlxalq “Şimal-Cənub nəqliyyat dəhlizi” layihəsi çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.

"Fəal siyasi və iqtisadi münasibətləri, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və rəğbəti məmnunluqla qeyd edirik. Ölkəmizdə müxtəlif mədəni və ictimai tədbirlər təşkil edən və Latviya Respublikasına sadiq olan azərbaycanlı icmanın fəaliyyətini xüsusi qeyd etmək istərdim.
Ali təhsil sahəsində əməkdaşlığımız və hər il Azərbaycandan olan 150 tələbənin Latviyanın ali təhsil ocaqlarında təhsil alması sevindirici haldır. Əminik ki, səfər çərçivəsində imzalanmış əməkdaşlıq sazişi bu sahədə yeni əməkdaşlıq imkanlarını yaradacaq", - deyə Raymonds Veyonis söyləyib.

O, Latviyanın Avropa İttifaqına və NATO-ya üzv olması iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar yaratdığını qeyd edib:

"Bu təşkilatlara üzv olmaq üçün Latviya müasir, demokratik və firavan dövlət yaratmaq məqsədilə əsaslı islahatlar həyata keçirib. Bu sahədə təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq.

Latviya hər zaman Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsini dəstəkləyib. Biz iqtisadiyyat, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində imkanlar açacaq yeni Avropa İttifaqı-Azərbaycan tərəfdaşlıq sazişi ilə bağlı danışıqları alqışlayırıq.

Azərbaycanın enerji sahəsində Avropa İttifaqının mühüm tərəfdaşı olması faktını xüsusi vurğulamaq istərdim. Latviya Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsindəki rolunu və Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsi sahəsinə yatırdığı sərmayələri yüksək qiymətləndirir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər