Teleqraf.com Gürcüstan parlamentinin deputatı, hakim “Gürcü Arzusu” iqtidarının təmsilçisi Mahir Dərziyevlə müsahibəni təqdim edir.
Qeyd edək ki, müsahibə NATO-nun Gürcüstanda hərbi təlimlərə başlaması və ABŞ-ın vitse-prezidenti Mayk Pensin Tiflisdə səfər olması zamanına təsadüf edir.
- Mahir müəllim, hazırda Gürcüstanda NATO təlimləri başlayıb. Bu ölkənin deputatı olaraq təlimlərə münasibətiniz necədir?
- Bəli, Gürcüstanda NATO-nun “Etibarlı tərəfdaş” adlı təlimləri başlayıb. Bu, gürcü cəmiyyətində müsabət qarşılanır. Bunun da səbəbləri var. Gürcüstan müstəqqillik əldə etdikdən sonra Rusiyanın xeyir-duası ilə burada separatçılıq toxumları səpildi. Gürcüstanın iki bölgəsində əvvəl müstəqillik elan edildi, sonra Rusiya bu ölkələri tanıdı və faktiki ilhaq etdi. Hazırda Gürcüstanda “sürünən işğal” termini çox işlədilir. Yəni işğal hər gün davam edir. Cənubi Osetiya və Abxaziya demək olar ki, hər gün öz “sərhədlərini” Gürcüstan ərazilərinə doğru çəkir. Faktiki olaraq, atəşkəs şəraitində belə Gürcüstan öz torpaqlarını itirməkdə davam edir. Eləcə də həmin bölgələrdə yaşayan gürcülərlə bağlı təmizlənmə həyata keçirilir, gürcü dilində tədrisə imkan verilmir və s. Yəni Gürcüstan torpaqlarının 20 faizini itirmiş şəraitdədir. Bununla paralel olaraq hökumət Saakaşvili iqtidarından fərqli olaraq “döyüşkən ritorika” üslubundan qaçdı, Rusiya ilə münasibətləri yoluna qoymağa çalışdı, iqtisadi əlaqələrin bərpası üçün addımlar atdı, viza rejimini yüngülləşdirdi və s. Amma buna rəğmən, Rusiya ənənəvi siyasətini davam etdirir. Bu şəraitdə Gürcüstan Avroatlantik məkana üz tutur. Gürcüstan Avropa İttifaqı ilə assosiativ müqavilə imzalayıb, NATO üzvü olmağa qərarlıdır.
- Demək istəyirsiniz ki, NATO və Avropa İttifaqına üz tutmağı Gürcüstanın Rusiyanın bu addımlarına qarşı siyasi gedişidir?
- Bəli. Bizim başqa yolumuz yoxdur. Biz çalışmalıyıq ki, Gürcüstan məsələsi dünyanın gündəmindən düşməsin, bizim müttəfiqlərimizin, dostlarımızın gündəmində olsun. Gürcüstan kiçik bir ölkədir, Rusiya kimi nəhəng dövlətlə hərbi münaqişəyə girməyə, öz ərazi bütövlüyünü hərbi yollarla təmin etməyə imkanı yoxdur. Üstəlik, 2008-ci ilin acı təcrübəsi bizim yadımızdadır. Ona görə də Rusiyanın məkirli siyasəti Saakaşvili hakimiyyətinin təxribata çəkilməsinə imkan verdi, nəticədə Gürcüstan əlavə torpaqlar itirdi, qaçqın sayı artdı. Bu təxribat həm də rusların Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyini tanımasına imkan yaratdı. Rusiyanın hərbi gücü, əzələ nümayişi qarşısında bizim başqa yolumuz yoxdur.
- NATO təlimlərindən sonra Rusiya-Gürcüstan münasibətləri bir qədər də pisləşməyəcəkmi?
- Bunu baş verməsi gözləniləndir. Mən azərbaycanlı deputatam, Azərbaycan ötən ilin aprelində uğurlu hərbi əməliyyatlar keçirdi, xeyli torpaq və strateji yüksəklikləri azad etdi. Heç kimə sirr deyil ki, Rusiyanın təsiri olmasaydı, Azərbaycan ordusu böyük əraziləri işğaldan azad edərdi. Elə indi də sirr deyil ki, Ermənistan Rusiyaya güvənir. Rusiya isə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinə imkan vermir. Yəni, Cənubi Qafqazda güclü Rusiya faktoru var. Gürcüstanın da başqa yolu qalmır. Gürcüstan ancaq öz müttəfiqlərinə güvənir, bu problemin daim dünya gündəmində qalmasına çalışır.
- Mahir müəllim, dünən ABŞ-ın vitse-prezidenti Mayk Pens Tiflisə səfər edib. Bu səfərlə bağlı gürcülərin hansı gözləntiləri var?
- ABŞ-ın vitse-prezidenti Mayk Pence hərbi təlimləri müşahidə edəcək. Biz, bu səfəri yüksək qiymətləndiririk. Bu səfər ilk növbədə ABŞ-ın Gürcüstana göstərdiyi etimadın və dəstəyin ifadəsidir. Söhbət ABŞ-da prezidentdən sonra ikinci vəzifəni tutan şəxsin səfərindən gedir. Bu, ABŞ-dan həm Gürcüstana, həm də mənim təmsil olunduğum gürcü hakimiyyətinə göstərilən dəstəyin təzahürüdür.
- Zamanında ABŞ Prezidenti Corc Buş, habelə dövlət katibi Kondaliza Rays Gürcüstana səfər etmişdi. Lakin bu səfərlərin nəticəsi olmadı, əvəzində Gürcüstan torpaqlarını itirməkdə davam etdi...
- Bu gün Gürcüstanda müxalifətin bir hissəsi Rusiya meyllidir. Gürcü siyasi xadimlərindən biri Nina Burcanadzedir. Bu yaxınlarda onun bəyanatı oldu. O, bildirdi ki, 2008-ci ildə ABŞ Gürcüstan üçün nə etdi ki? Ancaq içməli su və pampers gətirdi. Ancaq bilənlər bilir ki, məhz ABŞ və Avropadakı müttəfiqlərimizin basqısı olmasaydı, Rusiya daha böyük bəlalar törədə bilərdi. Məhz Gürcüstanın müttəfiqləri sayəsində bu ölkədə Rusiyanın hərbi əməliyyatları dayandırıldı. Təbii Gürcüstan torpaqlarının işğaldan azad edilməsi çox uzun, ağrılı və çətin prosesdir. Bunu hamımız dərk edirik. Ancaq bu gün ABŞ kimi dövlətin vitse-prezidentinin Tiflisdə səfərdə olması bizim üçün böyük dəstək və etimaddır.
- Hazırda Gürcüstanda NATO hərbi bazası varmı?
- Gürcüstanda NATO-nun hərbi bazası yoxdur.
- Bəs Amerikanın?
- Nə Amerikanın, nə də ABŞ-ın Gürcüstanda hərbi bazası var. Ancaq Əfqanıstana gedən təchizatın xeyli hissəsi Gürcüstan üzərindən həyata keçirilir. Başqa sözlə, Gürcüstanda əksər infrastrukturdan, o cümlədən hərbi infrastrukturdan bu məqsədlə istifadə olunur. Həmçinin Gürcüstan Silahlı Qüvvələri ilə geniş əlaqələr mövcuddur. Bu, NATO-nun hərbi təlimlərində, təchizatda və s. məsələlərdə özünü göstərir. Lakin NATO və ABŞ-ın Gürcüstanda hərbi bazası yoxdur.
- ABŞ vitse-prezidentinin bu səfərindən sonra NATO və ya ABŞ Gürcüstanda hərbi baza aça bilərmi?
- Açığını deyim ki, bu məsələ təkcə Gürcüstandan asılı deyil. Biz istəsək belə, buna NATO-nun razılığı və istəyi lazımdır. Bu hal zəncirvari reaksiyaya səbəb ola bilər. Rusiya öz sərhədləri yaxınlığında hər hansı NATO hərbi bazasının yerləşdirilməsinə qıcıqla yanaşır və bacardığı qədər buna cavab verir, təpkisini göstərir. Başqa sözlə, bunu bizim istəməyimizlə yanaşı NATO-nun da istəməyi lazımdır. Dəfələrlə NATO sammitlərində Gürüstanın bu hərbi alyansa üzv olması barədə arzumuzu dilə gətirmişik. Bu, NATO rəhbərliyi və üzv ölkələr tərəfindən müsbət qarşılanıb. Lakin regionda mövcud olan şəraitə görə Gürcüstanın alyansa üzvlüyü bir qədər təxirə salınır. Qeyd edilir ki, məsələyə yaxın gələcəkdə baxılacaq. Açıq deyim ki, bizim istəyimizə baxmayaraq, Gürcüstanın NATO üzvlüyünə qəbul olunması gündəlikdə durmur. Ancaq biz səylərimizi davam etdiririk.