ATƏT dialoq və münaqişələrin önlənməsi, eləcə də təhlükəsizlik sahəsində birgə fəaliyyət üçün platformaya çevrilməlidir. Bu fikirləri sentyabrın 4-də ATƏT-in yeni seçilmiş baş katibi, isveçrəli diplomat Tomas Qreminqer fəaliyyət dövrü üçün prioritetlərini açıqlayarkən bildirib.
Teleqraf.com xəbər verir ki, ATƏT-in yeni baş katibi quruma üzv olan 57 ölkənin daha çox səy göstərməli olduğunu bildirib, onları təşkilata daha çox töhvə verməyə çağırıb.
Hal-hazırda təşkilat çərçivəsində Şərq və Qərb arasında ciddi etimad böhranı olduğunu etiraf edən isveçrəli diplomat, ATƏT məkanında təhlükəsizlik məsələsi ilə bağlı vəziyyətin getdikcə mürəkkəbləşdiyini qeyd edib. Bundan əlavə ekstremizm, terrorizm, kibercinayətkarlıq və insan alveri kimi problemlər birgə səyləri gücləndirməyi tələb edir.
Baş katib, həmçinin fəaliyyəti dövründə ATƏT-in Avropa İttifaqı və NATO kimi qurumlarla, eləcə də beynəlxalq yardım təşkilatları ilə əməkdaşlığın inkişafına diqqət ayıracağını bildirib. O, həmçinin ATƏT çərçivəsində ABŞ və Rusiya arasında danışıqların da baş tuta biləcəyini, bu sahədə böyük potensial olduğunu qeyd edib.
T.Qreminqer təşkilata üzv dövlətləri, həmçinin ATƏT-ə siyasi, eyni zamanda maliyyə dəstəyi göstərməyə çağırıb.