4 Noyabr 2017 09:13
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçirilən ikinci üçtərəfli görüşü mühüm siyasi-iqtisadi əhəmiyyətə malikdir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, görüş zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin müzakirə edilməsi bu sammitin önəmini artıran məqamlardandır:

“Bu görüşdən bir gün əvvəl Bakı-Tiflis-Qars dəmir yolu işə düşmüşdü. Həm BTQ, həm də Şimal-Cənub nəqliyyat dəhlizində açar ölkə rolunu Azərbaycan oynayır. Azərbaycan hər iki layihənin həm ideyasını irəli sürüb, həm də layihənin bəzi hissələrinin maliyyələşdirilməsində təkbaşına iştirak edib. Beləliklə, bölgədə Azərbaycanın strateji önəmi ölçüyəgəlməz dərəcədə artmaqdadır. Azərbaycan bu fürsətdən istifadə edərək həm beynəlxalq münasibətlər sistemində, həm də bölgədəki münasibətlərdə oynadığı rola bir dinamizm verməkdə və aparıcı dövlət statusunu tədricən möhkəmləndirməkdədir”.

Q.Hüseynli qeyd edib ki, Tehran görüşünün daha bir özəlliyi burada Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərin müzakirə edilməsidir: “İndiyədək Xəzərin stastusu ilə bağlı məsələlərdə razılığa gəlməyən əsas tərəf kimi İran çıxış edirdi. Şimal-Cənub dəmir yolu işə düşdükdən sonra Azərbaycanın artan təsirləri, eyni zamanda Rusiyanın da bu yöndə olan cəhdləri Tehranı kompromisə getməyə məcbur edəcək. Yəqin ki, biz yaxın vaxtlarda Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı konvensiyanın imzalanacağını proqnozlaşdıra bilərik”.

Politoloq bildirib ki, həm BTQ, həm də Şimal-Cənub dəhlizi Azərbaycan dövlətinin büdcəsinə hər il xeyli miqdarda vəsaitin gəlməsini təmin edəcək:

“Ancaq məsələ təkcə iqtisadi gəlirlərdə deyil. Məsələ həm də ölkənin geostrateji mövqelərinin möhkəmlənməsində, dünya üçün Azərbaycanın önəminin, xüsusi çəkisinin durmadan artmasındadır”.

Q.Hüseynli bu kontekstdə Dağlıq Qarabağ probleminin həllinin kifayət qədər rasional göründüyünü vurğulayıb:

“Çünki həm Türkiyə, həm də İran bu məsələdə Azərbaycana dəstək verməyi qərara alıb”.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər