Ərdoğanla Putinin ortaq mətbuat konfransını izlədim. Qarabağdan bir kəlmə də danışmadılar.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə noyabrın 13-də Soçidə keçirilən görüşünü şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, liderlər Qarabağdan başqa hər şeydən danışdılar:
“Bu bir daha ondan xəbər verir ki, Kreml Azərbaycandan istədiyini almayınca münaqişənin həllini sürətləndirməkdə maraqlı deyil. Halbuki, Ərdoğan Soçiyə yollanmamışdan bir həftə əvvəl demişdi ki, Putinlə Qarabağı müzakirə edəcək və münaqişənin həlli Kreml sahibinin əlindədir. Əlində olmağına əlindədir, ancaq münaqişənin həllinə marağı yoxdur. Ona görə də Ərdoğan Putinlə gündəmin başqa mövzularını müzakirə edib – Suriya böhranı, “Türk axını”nın tikintisi, Ağquyu Atom-Elektrik Stansiyasının inşası, ticarət əlaqələri və sair”.