Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rauf Əliyev MDB Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclaslarında iştirak etmək üçün bu gün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edir.
Teleqraf.com xəbər verir ki, Arif Rəhimzadənin sədrliyi ilə keçiriləcək Sosial siyasət və insan hüquqları daimi komissiyasında MDB-yə üzv ölkələrdə ailələr üçün həyat səviyyəsinin göstəriciləri ilə bağlı qurumun Statistika Komitəsinin məlumatı təqdim olunacaq, vətəndaşların hüquqi vəziyyəti haqqında informasiyanın əldə edilməsi və pensiya təminatı üzrə tövsiyələrə baxılacaq, model Miqrasiya və Əmək məcəllələri ətrafında müzakirələr aparılacaq.
Yığıncaqda Arif Rəhimzadə MDB-nin 2016-2020-ci illər üzrə qanunvericilik planında nəzərdə tutulan dəyişikliklər barədə məruzə ilə çıxış edəcək.
Mədəniyyət, informasiya, turizm və idman məsələləri daimi komissiyanda MDB dövlətləri üçün model Mədəniyyət Məcəlləsi, habelə “Şəxsi məlumatlar haqqında”, “İdmanda dopinqdən istifadəyə qarşı mübarizə”, “Məktəb idmanı”, “Sosial turizm” və digər model qanunların hazırlanması ilə bağlı fikir mübadiləsi aparılacaq.
Millət vəkilləri iclaslarda müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcək.