27 Noyabr 2017 09:36
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak etdi. İlham Əliyev ayrıca, NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdü.

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, tərəflər Azərbaycanla NATO arasındakı əməkdaşlığın uğurla davam etdiyini bildirdilər. İlham Əliyev NATO baş katibini Azərbaycana rəsmi səfərə dəvət etdi:

“Bu səfər və Brüsseldə aparılan danışıqlar göstərir ki, rəsmi Bakı NATO ilə əməkdaşlığı davam etdirəcək. NATO standartları Azərbaycan ordusu üçün çox vacibdir”.

E.Şahinoğlu bildirib ki, İlham Əliyev Brüsseldə Avropa İttifaqının V Şərq Tərəfdaşlığı Sammitində də iştirak edib:

“Ermənistan tərəfi sammitdə Avropa İttifaqı ilə əməkdaşlıq sazişini imzaladı. Rəsmi Bakı ilə Brüssel arasında sazişin mətni isə hələ hazırlıq mərhələsindədir və gələn ilin ortalarına qədər imzalanması planlaşdırılır. Bakı və Brüssel tələsmirlər. Əsas odur ki, imzalanacaq saziş keyfiyyətli olsun. Atalarımız demişkən, “gec olsun, güc olsun”. Ancaq istəyimiz odur ki, həqiqətən güc olsun, saziş Azərbaycanla Avropa İttifaqı arasında inteqrasiyanı gücləndirsin. Bu inteqrasiya bizə çox lazımdır. Bütün hallarda Avropa İttifaqı üçün Azərbaycan Ermənistandan daha vacib tərəfdaşdır. Məsələn, sammitdə Avropa İttifaqı ilə Azərbaycan arasında Trans-Avropa Nəqliyyat Şəbəkəsinə dair sənəd imzalanması müsbət haldır”.

Analitik bildirib ki, Şərq Tərəfdaşlığı Sammitinin yekun sənədi olan Birgə Bəyannamə Azərbaycanın xeyrinə idi:

“Avropa İttifaqı bütün tərəfdaşlarının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəklədiyini açıqladı. Bundan başqa sammit iştirakçıları dünyanın bir çox yerində beynəlxalq hüququn prinsiplərinin pozulmasının hələ də davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə etdilər və sammit iştirakçılarını regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllini təşviq edən səylərin artırılmasına çağırdılar. Ancaq onu da unutmayaq ki, belə sənədlərin sayı həddən artıq çoxdur, hamısı da faktiki xeyrimizədir, ancaq münaqişə yerində sayır”.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər