Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Los Anceles Konsulluq Korpusunun (LAKK) sədri (duayeni) təyin olunub.
Baş konsulluqdan Teleqraf.com-a verilən məlumata görə, N.Ağayev noyabrın 29-dan səlahiyyətlərinin icrasına başlayıb.
Qeyd edək ki, LAKK ABŞ-ın Los Anceles şəhərində akkreditə olunmuş dünyanın 105 dövlətinin baş konsullarını və fəxri konsullarını birləşdirir. Nyu York şəhərindən sonra LAKK dünyada ikinci ən böyük konsulluq korpusudur.
LAKK-ın duayeni Los Ancelesdə fəaliyyət göstərən bütün Konsulluq Korpusunu təmsil edir və buradakı şəhər, stat və federal qurumlarla, eləcə də digər təşkilatlarla Korpusun münasibətlərinin qurulması və tənzimlənməsinə rəhbərlik edir.
Baş konsul N.Ağayev noyabrın 29-da Los Ancelesdə akkreditə olunmuş bütün baş konsullara və fəxri konsullara məktub ünvanlayaraq, öz müxtəlifliyi və multikulturalizmi ilə seçilən Los Anceles şəhərində Konsulluq Korpusunun fəaliyyətinin daha da təkmilləşdirilməsi naminə korpusun bütün üzvləri ilə sıx əməkdaşlığa ümid etdiyini bildirib.
Qeyd edək ki, 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Azərbaycanın ABŞ-ın Los Anceles şəhərindəki Baş Konsulluğu Kaliforniya ştatı da daxil olmaqla, ABŞ-ın 13 qərb ştatına məsuldur.