8 Dekabr 2017 10:25
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Vyanada keçirilən ATƏT Nazirlər Şurasının 24-cü iclası çərçivəsində Finlandiyanın xarici işlər naziri Timo Soini ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırki səviyyəsi nəzərdən keçirilib və əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinə toxunulub. Tərəflər ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

Tərəflər Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tvinninq layihələrinin əhəmiyyətinə toxunaraq Azərbaycan üçün maraq kəsb edən layihələrə dair fikir mübadiləsi aparıblar.

E.Məmmədyarov Azərbaycan və regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana davam edən işğalı və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu deyib.

E.Məmmədyarov, həmçinin, paytaxt Bakının “EXPO-2025”in keçirilməsinə namizəd şəhər olduğunu qeyd edərək son illər ərzində Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb. Bu xüsusda o tədbirə ev sahibliyi etmək niyyəti ilə ölkəmizin insan kapitalının inkişafına dair məqsəd və məramları barədə həmsöhbətinə məlumat verib.

Görüşdə, həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər