13 Dekabr 2017 09:31
880

Rusiya və Qərb arasında hərbi-siyasi sferada qarşıdurmanın eskalasiyası NATO analitiklərini Moskva əleyhinə hər dəfə yeni nöqtələr tapmağa məcbur edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Life.ru saytında yerləşdirilmiş analitik yazıda bildirilir.

Yazıda Şimali Atlantika alyansının Müdafiə Kollecinin hesabatında Rusiyanın Cənubi Qafqazda hərbi pozisiyasının şərti olaraq “Girişin məhdudlaşdırılması” adlanan iki komponent üzərində qurulduğu vurğulanır. Birinci komponent – hansı ki, özündə hava hücumundan müdafiənin güclü və özünə yetərli sisteminin yaradılmasını ehtiva edir – NATO təyyarələrinin uçuşunu dayandırmağa qadirdir. Bura, həmçinin, taktiki və operativ raketlər də daxildir. Bildirilir ki, NATO təyyarələrinin uçuşunu dayandırmağa, yaxud onları tutmağa qadir vasitələr Rusiyanın Ermənistandakı – Gümrüdəki hərbi bazasında, həmçinin, Erebunidəki hərbi-hava bazasında mövcuddur.

NATO analitiklərinin fikrincə, Rusiyanın regionda həyata keçirdiyi “Girişin məhdudlaşdırılması” strategiyasının ikinci komponentinin əsasını hücum komplekslərinin, əsasən də “İsgəndər-M” tipli raketlərin, həmçinin, aviasiya zərbə sistemlərinin yerləşdirilməsi təşkil edir.

NATO Müdafiə Kollecinin hesabatında Rusiyanın Cənubi Qafqaza reinteqrasiyaya can atdığı, bunun üçün Moskvanın “Üç C” (C3 – Confrontation, Cooperation, Confusion) prinsipi üzrə hərəkət etdiyi bildirilir. Yeri gəlmişkən, ingiliscədən tərcümədə bu sözlərdən biricisi “qarşıdurma”, ikincisi “əməkdaşlıq”, üçüncüsü “çaşdırma” kimi tərcümə olunur. NATO ekspertlərinin qənaətincə, bu prinsiplər Gürcüstan, Ermənistan və Azərbaycana münasibətdə tətbiq edilir. Şimali Atlantika Alyansı analitiklərinin fikrincə, Rusiya Bakı və İrəvana münasibətdə məqsədli olaraq balanslaşdırılmış siyasət yürüdür, qəsdən “ziddiyyətli siyasi mesajlar” ötürür, tərəflərə silah satır və regional təhlükəsizlik üzrə bir çox mürəkkəb məsələlərə dair siyasi “himayə”ni təmin edir. Və bu cür kompleks manevretmə, güc və böyük potensialdan ibarət Moskva regionda status-kvonu dəstəkləyir. Şimali Atlantika Alyansı məhz bu alətə malik deyil və təşəbbüsü əldən verib.

NATO analitikləri diqqəti bu fakta yönəldirlər ki, Rusiyanın İran və Azərbaycana yüksəktexnologiyalı silahların, o cümlədən S-300 və S-400 hava hücumundan müdafiə (HHM) komplekslərinin ixracına dair sövdələşməsi təkcə Cənubi Qafqaz ölkələrini Moskvanın iradəsindən asılı vəziyyətə salmır, bununla Moskva həm də dolayısıyla Türkiyəyə təzyiq göstərir. Hansı ki, elə bu ərəfələrdə Ankara müasir rus HHM-lərinin alınmasına dair Moskva ilə danışıqlar aparır. Bu komplekslər NATO-da az narahatlıq və həyəcan doğurmur.

“Türkiyə problemi” NATO-da bütün gücü ilə etiraf edilir – bir qədər öncə NATO analitikləri, həmçinin, Türkiyəyə ABŞ istehsalı olan “Patriot” HHM-lərinin çatdırılmasına razılıq verməyi təklif etmişdilər. Bildirilir ki, Türkiyə rəhbərliyinin S-400-lərin alınmasına dair apardığı müzakirələr bu təklifin irəli sürülməsində mühüm rol oynamışdı. Bu təklifin, o cümlədən Rusiya HHM-lərinin alqı-satqısının reallaşacağının mümkün olub-olmaması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın düşünülmüş siyasi qərarından asılı olacaq. Hansı ki, bu ölkə Suriya məsələsinin nizamlanmasına dair Rusiya ilə böyük ölçüdə razılaşıb. İstənilən halda “Patriot”larla bağlı məsələ Ankara və Vaşinqton arasında qarşılıqlı münasibətlərin predmetidir. Bu münasibətlər ABŞ-ın Ərdoğanın əsas düşməni Fətullah Güləni vermək istəməməsi səbəbindən xeyli dərəcədə korlanıb. Bundan başqa kürd problemi ətrafında və Suriyanın posthərb dövründə nizamlanmaya dair iki ölkə arasında fikir ayrılıqları qalmaqdadır.

NATO analitiklərinin fikrincə, “rus bürcü”nün Ermənistanda strateji vacibliyi orada “İsgəndər-M” raket komplekslərinin yerləşdirilməsindən asılıdır. Hesab edilir ki, bu yerləşdirmə kiçik və ortamənzilli raketlərin ləğv olunmasına dair müqavilənin tələblərini poza bilər. Müqavilənin müddəlarının pozulmasına dair Rusiyanın “cəzalandırılması”, hətta yeni sanksiyaların tətbiq olunması məsələsinə dair müzakirələr son vaxtlar ifrat dərəcədə aktivləşib.

Amerika KİV-lərinin Vaşinqton hərbi-siyasi dairələrindəki mənbələrə istinadən yaydığı məlumatına görə, sözügedən müqavilə çərçivəsində rus kompaniyalarına məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur. Hansı ki, bu kompaniyalar qadağan olunmuş qanadlı raketlərin hazırlanmasına texnoloji yardım göstərirlər. Bununla yanaşı, Rusiya Hərbi Sənaye Kompleksinə sanksiyaların tətbiq edilməsi qərarı guya artıq ABŞ Prezidenti yanında Milli Təhlükəsizlik Şurasında qəbul edilib. Təəccüblü deyil ki, NATO regiona, o cümlədən raket sisteminin yerləşdirilməsinə böyük maraq göstərir.

Analizdə qeyd olunur ki, bu kontekstdə Ermənistan Qərb üçün ən zəif bəndlərdən biri hesab olunur. Belə ki, sözügedən ölkə postsovet məkanında siyasi və iqtisadi cəhətdən Rusiya ilə ən üstün əlaqələrə malikdir. Yazıda bildirilir ki, İrəvanın olduqca çətin geosiyasi vəziyyəti respublika rəhbərliyini Rusiya ilə ənənəvi dostluq münasibətlərini saxlamaqla öz xarici siyasətini diversifikasiya etməyə məcbur edir.

O da bildirilir ki, Rusiyanın NATO sərhədləri yaxınlığında, ələlxüsus Cənubi Qafqazda özünün yeni silah sistemləri ilə aqressiv hərəkətlərdə ittiham edilməsi Ukrayna və Suriya ətrafındakı mövcud hərbi-siyasi vəziyyətlə heç cür bağlı deyil. Qeyd olunur ki, bu məsələ sadəcə, Qərb tərəfindən Rusiyanın regionda gərginliyi artırması kimi təfsir olunur.

“Cənubi Qafqazda münaqişə nöqtələri kifayət qədərdir, – bu siyahı Cənubi Osetiya və Abxaziyadan başlayır, Dağlıq Qarabağ konfliktində bitir. Bütün bu münaqişələrə Rusiya istər-istəməz dərindən cəlb olunmuş ölkədir və atəşkəsin təmin olunmasının və atəşkəs rejiminə əməl edilməsinin təminatçısıdır. İstisna deyil ki, NATO bu münaqişələri canlandırmağa cəhd edəcək, habelə, Cənubi Qafqaz respublikalarının rəhbərliyi ilə daha sıx “işləməyə” çalışacaq, onlara Moskva ilə əməkdaşlığın “təhlükəli” olmasını izah edəcək”, - deyə məqalədə qeyd edilir.


Müəllif: Səxavət Həmid